
"Düşünürəm ki, dinin fundamental əsaslarının tədrisi məktəb üçün vacib deyil. Əgər deyildiyi kimi din, onun tarixi və keçdiyi yol haqqında məlumatları daha da dərinləşdirmək lazımdırsa, bu variant məqbul ola bilər, amma bunu tarix fənninin proqramına daxil etmək daha doğru olardı. Din adı altında yenidən hansısa fənnin keçirilməsi məqsədəuyğun deyil"
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda indiki zamanda informatika fənninin tədrisini təkmilləşdirməyin vacib olduğunu qeyd edib:
"İndiki zamanda məktəblərimiz üçün İnformatikanın tədrisini təkmilləşdirmək , ayrıca fənn olaraq saatlarını artırmaq daha doğru yanaşmadır. Xüsusilə də unutmayaq ki, cari il yeni başlayan kimi Prezident ölkədə, bütün sahələrdə innovasiyaların inkişafı ilə bağlı Fərman imzalayıb. Təhsil sistemi də məhz buna adekvat cavab verməlidir. TN və DİM məhz bu istiqaməti inkişaf etdirməli, resursları və pulları bu tərəfə yönəltməlidir. Kompüter və İT ixtisasları seçənləin İnformatika əvəzinə Kimyadan imtahan verməsinə son qoyulmalıdır. Bu hal dövlət başçısının çağırışlarına, ölkənin götürdüyü strateji inkişaf xəttinə heç bir halda uyğun gəlməyən bir vəziyyətdir. Təhsili, məktəbləri, resursları və maliyyəni məhz bu problemin həllinə yönəltmək daha doğru olardı".