
Maddi-texniki və tədris bazası təhsil keyfiyyətini yüksəldən əsas vasitələrdəndir.
AzEdu.az “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları” Sənədinə istinadən peşə təhsil müəssisələrinin maddi-texniki və tədris bazası haqqında zəruri bilgiləri təqdim edir:
İlk peşə-ixtisas təhsili müəssisələri təhsilalanlar, o cümlədən sağlamlıq imkanları məhdud olan şəxslər və təhsilverənlər üçün maddi-texniki və tədris bazasıyla təchiz olunmalıdır. Maddi-texniki bazaya tədris laboratoriyaları, emalatxanaları, idman və akt zalları, məişət kompleksi, mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqları, tədris-əyani vəsaitləri, təlimin texniki vasitələri, metodik vəsaitlər, pedaqoji mətbuat, dərslik, elmi-bədii ədəbiyyat fondu daxildir.
Xatırladaq ki, ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlərə uyğun təşkil edilməlidir.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Rəsmiyyə Allahverdiyeva yeni yaranan bəzi ixtisaslarda maddi-texniki bazadan çətinlik çəkdiklərini bildirib:
“Bu gün peşə təhsili öz keçid mərhələsini yaşayır. Hazırda bəzi ixtisaslarda maddi texniki baza kifayət qədər olsa da, yeni yaranmış ixtisaslarda vəziyyət elə də yaxşı deyil.
Kompüter operatoru, kompüter ustası, veb-dizayner, qaynaqçı, quru inşaat, təmirçi çilingər, çilingər santexnik kimi ixtisaslarda maddi-texniki baza yüksək səviyyədədir.
Yeni yaranmış telekomunukasiya, kompüter texnikasının istismarı üzrə operator kimi ixtisasında maddi-texniki baza baxımdan çətinliyimiz var. İstehsalat təcrübəsi təlimi zamanı uşaqları praktika üçün lazımı qurumlara göndəririk. Bundan əlavə, maddi-texniki bazanın təminatı ilə bağlı lazımı dövlət qurumlarına da müraciət edirik”.
Rəna NƏBİ