Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-11 11:00:00
Tibb Universitetinin neyrocərrahlıq kafedrasının 50 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında universitetin neyrocərrahlıq kafedrasının 50 illiyinə həsr olunmuş "Neyrocərrahlığın müasir problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

AzEdu.az  xəbər verir ki, tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov ölkəmizdə neyrocərrahiyyə üzrə ilk dəfə olaraq konfrans keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, tədbir praktik həkimlər üçün faydalı olacaq. Tədbirin keçirilməsində məqsəd neyrocərrahları bir yerə toplamaq, fikir mübadiləsi aparmaq, yenilikləri bölüşməkdir. Tədbirdə yerli həkimlərlə yanaşı, xaricdən gələn mütəxəssislər də iştirak edirlər. Prorektor konfransın işinə uğurlar arzu edib.

ATU-nun neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlı Azərbaycanda neyrocərrahlığın yaranma və inkişaf tarixi, o cümlədən kafedranın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, həmin kafedrada 50 il ərzində neyrocərrahlar yetişib və onlar ölkənin müxtəlif klinikalarında çalışırlar.

 Xarici ölkələrdən gələn mütəxəssislər dəvətə görə minnətdarlığını bildirib, təcrübə mübadiləsinin neyrocərrahlıq sahəsinin inkişafına töhfə verəcəyini qeyd ediblər.

Konfrans müxtəlif mövzularda məruzələrlə davam edir. (Azərtac)