
Orta təhsil müəssisələrində tədrisin yalnız zehni istiqamətə yönəldiyi, mədəni və mənəvi mövzuların diqqətdən kənarda qaldığı dəfələrlə vurğulanıb. Çoxları bu məsələdə təchizat məsələlərinin, kabinetlərin olmamasını əsas gətirirlər.
Orta məktəblərdə Musiqi fənni üçün ayrıca kabinetlərin olmasının qanuni vacibliyi isə çoxlar üçün maraqlıdır. Sovet dövründə məktəbləri bəzəyən bu kabinetlər müstəqillik illərində ləğv edilib.
Çoxları hələ də düşünür ki, musiqi dərsləri adi siniflərdə deyil, xüsusi musiqi kabinetlərində keçilməli, şagirdlər sevdikləri çalğı alətləri ilə məşğul olmalıdırlar.
AzEdu.az bildirir ki, qanunvericilikdə orta təhsil müəssisələrində ayrıca musiqi kabinetlərinin olmasının vacibliyi ilə bağlı hər hansı bənd göstərilməyib. Amma Nazirlər Kabinetinin 2012-ci il, 3 avqust qərarında ümumtəhsil müəssisələrinin binalarına olan tələblər sırasında bəzi məktəblərdə musiqi kabinetlərinin sadəcə, mümkünlüyü ilə bağlı bənd nəzərdə tutulub.
Qərarda qeyd edilib ki, ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsinə yönəldilmiş ümumi təhsil müəssisələrinin, həmçinin gimnaziya və liseylərin layihələndirilməsi zamanı şagirdlərin hərtərəfli inkişafı da nəzərə alınır. Bu məqsədlə belə məktəblərdə otaqlar 12 m x 12 m ölçüdə studiyalar kimi, eləcə də təhsil müəssisəsinin təyinatından asılı olaraq, yardımçı otaqlar estetik tərbiyə və təsviri incəsənət otağı kimi, təsviri incəsənət və xoreoqrafiya üzrə dərnək otaqları isə oxu və musiqi otaqları (70-108 m2) kimi istifadəsi nəzərdə tutula bilər.