
Bu gün I IV fənn bloki ixtisaslarına qəbul imtahanı keçirilir. İmtahanda 32173 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.
AzEdu.az abituriyentlərin imtahandan öncəki təəssüratlarını öyrənmək üçün onlar arasında sorğu keçirib. Məlum olub ki, imtahanın təşkil olunduğu məktəbin qarşısındakı izdiham onların həyəcanını daha da üstələyir.
“Özümü hər şeyə hazırlamışam”
I fənn blokuna imtahan verən Gülyaz Hüseynova bildirib ki, bura gəlməzdən öncə çox rahat idi. Binanın qarşısına toplaşan insanları gördükdə isə həyəcanına hakim ola bilməyib:
“Düzü imtahandan gözləntilərim çox idi. Amma nədənsə məktəbə çatdıqda özümdə qəribə inamsızlıq hiss etdim. İstəyim isə Fizika müəllimi olmaqdır.
Sınaq imtahanlarında nəticələrim elə də pis olmayıb. Ən azından bu ixtisas sahib olmaq üçün kifayət edir. Amma indiki halımı nəzərə alsaq, özümü hər şeyə hazırlamışam”.
“XI sinif buraxılış imtahanı 2 dəfə keçirilsin”
Elvin Axundov da I fənn blokuna imtahan verənlər arasındadır. Digərlərindən fərqli olaraq çox özünə inamlı danışır. Dediyinə görə, imtahandan gözləntilərim yüksəkdir:
“Çünki çox əziyyət çəkmişəm. Müəllimlərimin üzərimdə zəhməti də böyükdür. Ona görə də nəticəmin yaxşı olacağını düşünürəm. Həyəcan isə həmişə olur”.
Qəbul imtahanlarının ilk dəfə fərqli tipdə keçiriləcəyini xatırlatdıqda isə belə cavab verir
“İndiki imtahanlar əvvəlkindən çətindir. Hər şagird situasiya tapşırıqlarının öhdəsindən gələ bilmir. Hər kəsin yazma bacarıqları yoxdur. Fikrimcə, bunun səbəbi məktəbdə tədris olunan test modelləridir. Sonra da deyirlər ki, hamı əzbərləyib və indi çətinlik çəkir. Amma fikrimcə, bu, əzbərçilik deyildi. Çünki hər sualın 5 cavab variantı var. Oxumayan şagirdin düzgünü tapma ehtimalı azdır.
Bundan əlavə, buraxılış imtahanında zəif bal toplayan şagird hazırlaşsa, qəbulda yüksək nəticə göstərə bilər. Amma istərdim ki, XI sinif buraxılış imtahanı 2 dəfə keçirilsin. Bir dəfə azdır. Buraxılış imtahanında zəif nəticə göstərən şagirdin qəbul üçün motivasiyası olmur”.
“İmtahanlar əvvəlkilərlə müqayisədə daha asandır”
Təhməz Heydərov I fənn bloku üzrə qəbul imtahanında 200-250 bal toplayacağına ümid edir. Kompüter mühəndisliyi ixtisasına yiyələnmək istəyir:
“Fikrimcə, indiki imtahanlar əvvəlkilərlə müqayisədə daha asandır. Çünki dərsliklərin hamısı kurikuluma nəzərən konspektləşdirilib. Məncə indi oxuyan şagird üçün hər cür şans yaradılıb. Onların öhdəsinə qalan zəhmət çəkməkdir”.
“İndiki hesablama qaydasını heç kim başa düşə bilmir”
Daha bir abituriyent Fərid Abbasov isə imtahanlardan elə də çox bal gözləmədiyini etiraf edir. Gələcəkdə Nəqliyyat daşınmaları ixtisası üzrə təhsil almaq istəyir:
“200 – 400 arası bal toplayacağımı təxmin edirəm. Sınaq imtahanlarında 400 bala yaxın nəticə göstərirdim.
Amma açığı, əvvəlki imtahan modeli daha yaxşı idi. İndiki hesablama qaydasını heç kim başa düşə bilmir. Abituriyent məcburdur ki, imtahandan çıxan kimi hesab qaydasını bilən müəllimlərə müraciət etsin.
Amma imtahanın 2 dəfə keçirilməsi çox yaxşıdır. Elə özüm də buraxılışda aşağı nəticə göstərdiyimə görə, ümidim qəbuladır”.
Qeyd edək ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayır. Abituriyentlərə 3 saat ərzində cavablamaq üçün I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir. Suallar hər fənn üzrə 30 ədəd tərtib edilib.