
“Təhsil haqqında” qanuna edilən dəyişiklər kurikulumların tətbiqi məsələsini gündəmə gətirib. Dəyişiklərə əsasən, dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurikulumların) təsdiq olunması çıxarılır.
Hazırda dövlət tərəfindən tətbiq edilən kurikulumlar nə dərəcədə qənaətbəxş həyata keçirilir?
Ümumiyyətlə, bu proqramın tətbiqindən narazı olanlar nə dərəcədə haqlıdırlar?
“Hazırda kurikulum bilikləri nəzəriyyə şəklindədir. Praktik tətbiqi isə demək olar ki, yoxdur”
Füzuli rayonu 7 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova bu təhsil proqramının hazırki vəziyyətini belə izah edir.
O, AzEdu.az-a açıqlamasında bildirib ki, kurikulumdakı irəliləyişləri ləngidən xeyli səbəblər var:
“Şəhərdəki orta təhsil müəssisələrində şagird sıxlığı, kənd məktəbində isə maddi- texniki bazanın olmaması kurikulumun tətbiqini ləngidir.Nəzəriyyəyə gəldikdə, o, praktikaya çevrilməyəndə unudulur. Biz kurikulumu təcrübəyə çevirləmiyik.
Sadaladığım səbəblərdən əlavə, az da olsa, müəllimlərin tənbəlliyini qeyd etmək istəyirəm. Çünki keçiləcək mövzu üçün öncədən strategiya hazırlanmalıdır. Motivasiya, təlim üsulu, iş vərəqləri, resurs vəs. Amma nədənsə, hər müəllim bunun “öhdəsindən gəlmək” istəmir”.
“Sinifdə belə şeylərə vaxt sərf edilməməlidir”
Yeni qiymətləndirmə qaydaları ilə əlaqədar yaranan vaxt məhdudiyyətini əsas gətirib kurikulum tələblərinə yetərincə riayət etməyənlərə gəlincə isə, Gülşən xanım belə düşünür:
“İş çoxalıb” fikri ilə qətiyyən razı deyiləm. Qiymətləndirmə meyarları müəllim üçün vəsait kitabında verilib. Fikrimcə, formativ qiymətləndirməni hazır qeyd edib, dərs prosesi zamanı sinfin müəyyən sayda şagirdini qiymətləndirmək o qədər də çətin iş deyil. Həmişə bunu sinifdə edən müəllimlərə irad bildirirəm. Çünki ona evdə hazırlaşıb gəlmək lazımdır. Sinifdə belə şeylərə vaxt sərf edilməməlidir”.
Direktor düşünür ki, şagirdlərin kurikulumdan bu formada uzaq düşməsi onları müstəqil düşünmə, kollektivlə iş bacarığından məhrum edir:
“Bəzi valideynlərdən“kurikulum uşaqları savadsız edir” fikrini az eşitmirik. Onları başa düşmək olar. Çünki valideynin təhsil aldığı proqram ənənəvi idi. Yaranan fərqlə ayaqlaşmaq isə zaman alır.
Amma təəssüf, nəinki valideyn, belə düşünən müəllimlər də var…”
Qeyd edək ki, “Təhsil haqqında” qanuna kurikulumla bağlı təklif olunan dəyişikliklər Milli Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.