
Bu gün universitet və kolleclərdəki təhsildən az-çox xəbərdar olsaq da peşə təhsil müəssisələrində vəziyyət fərqlidir.
Elə buna görə də AzEdu.az olaraq peşə təhsil müəssisələrini öz tələbə və məzunlarının dilindən öyrəndik.
Abşeron Binə Peşə liseyinin məzunu Sadiq Yarıyev təhsil aldığı dövrdə texniki təminatla bağlı çətinlik yaşadığını bildirdi:
“2018-ci ildə Abşeron Binə Peşə liseyində Kompüter operatoru ixtisasını bitirmişəm. İxtisasıma olan marağım bu sahədə təhsil almağa vadar etdi.
Mən oxuduğum dövrdə ümumi təhsil şəraiti yaxşı olsa da bəzi çətinliklər var idi. İlk olaraq məktəbin kompüter təminatının yaxşılaşdırılmasına ehtiyac var. Bildiyim qədər məktəbdə bəzi yeniliklər həyata keçirildi. Bundan sonra daha yaxşı olacağına inanıram. Praktiki dərslərimiz məktəbdən kənarda keçirilirdi. Bir də məzunların iş tapmasında problem var. İçi özüm qarışıq, məzunların iş tapmasında çətinlik çoxdur. Hazırda ixtisasıma uyğun iş tapa bilmədiyim üçün başqa sahədə çalışıram”.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbəsi Xaləddin Baxışovaldığı təhsildən, xüsusilə də praktiki dərslərdən ağız dolusu danışdı:
“2017-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maşinist ixtisası üzrə təhsil alırdım. Hərbi xidmətlə bağlı ara verməli olsam da təhsilimi davam etdirəcəm. Maşinist ixtisasını yaşadığım yerə uyğun seçmişəm. Məktəbi bitirdikdən sonra da elə bu sahədə işləyəcəm. Məktəbdə dərslər yüksək səviyyədə həyata keçirilir. Xüsusilə də, praktiki fənlər. Demək olar ki, hər nəzəri fəndən sonra praktik dərslər keçirilir. Bunu üçün məktəbin özündə xüsusi yerlər də var”.
8 saylı Bakı peşə liseyini tələbəsi Kənan Şıxəliyev oxuduğu ixtisası sevdiyi üçün peşə təhsili aldığını deyir:
“Çilingər, santexnik ixtisası üzrə təhsil alıram. İxtisasımı da özüm seçmişəm. Oxuduğum liseydən çox razıyam. Gələcəkdə bu istiqamətdə çalışmağı düşünürəm.
Bir tələbə olaraq məktəbdəki şərait məni hələki qane edir”.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzinin tələbəsi Şəfa Hüseynova kollecdə oxumaq istəsədə imtahan balı çatmadığı üçün peşə təhsilini seçməli olub:
“Texnika və texnologiyalar üzrə bakı dövlət peşə təhsil müəssisəsində I kurs kompüter operatoru ixtisası üzrə təhsil alıram. Əslində kollecdə oxumaq istəyirdim. İmtahan balım balım çatmadığından peşə təhsil almaq qərarına gəldim.
Bir tələbə kimi məktəbimiz bizi tam qane edir. Hələ ki bir problemimiz yoxdur”.
8 saylı Bakı peşə liseyinin tələbəsi Mehrac Quliyev məktəb binasının təmirindən gileyləndi:
“Rəngsazlıq ixtisası üzrə təhsil alıram. Bizim əsas çətinliyimiz məktəb binasıyla bağlıdır. Çoxdanın tikilisi olduğu üçün binalar çox pis vəziyyətdədir. İstilik sistemi isə demək olar ki, yoxdur.
Təhsillə bağlı elə bir problem yoxdur. Hazırda praktika dərslərindəyik”.
Rəna NƏBİ