Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 11:30:00
Olimpiadalarda cüzi balla qalib gəlməyənlər nə etməlidirlər? - Çıxış yolu  

“Olimpiadadakı yazı işlərinə baxış prosesi müsabiqədən 1 gün sonra bəlli zaman kəsimində həyata keçirilir. Şagird həmin müddətdə gəlib yazı işinin yoxlanması prosesinə baxmayıbsa, sonradan bu, mümkün olmur”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Təhsil TV-də yayımlanan “Həftənin sualı” verilişində izləyicilərin suallarını cavablayarkən deyib.

O, “övladım olimpiadada 13,5 bal toplayıb. Keçid balı isə 15 olub.  Ballara yenidən baxıla bilərmi?” sualına cavab olaraq bildirib ki, bütün proseslər Respublika Fənn Olimpiadalarının təşkili və keçirilməsi qaydalarınınəsasında baş tutur. Bu qaydalar Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilib:

“Qaydalara əsasən, final mərhələsində iştirak edən bütün şagirdlərsertifikat əldə edirlər. Hər fənn üzrə iştirakçıların 50 %-dən çox olmayan hissəsi qalib elan edilir. Bu qaliblər 1, 2 və 3 nisbətində bölünürlər. Şagird hətta 14, 75 balla belə uğur  əldə edə bilməyibsə, deməli, o, iyirmi dördlüyə düşə bilməyib. Final mərhələsinə gələn hər şagirdə medal verilsə, onlar arasındakı fərqləndirici meyar da yox olar. Düzdür, 30 000 şagird arasından  seçilən 588 məktəbli arasında olmaq kifayət qədər yaxşı nəticədir. Onların hər biri medala layiqdir. Amma bəzən beynəlxalq olimpiadada belə 0,25 balla kifayət qədər yaxşı medalı əlindən qaçıranlar olur. Məsələn, Balkan Riyaziyyat Olimpiadasında 3 şagirdimiz 30 bal topladılar. Amma qızıl medal üçün 31 bal lazım idi. Belə hallar hər zaman mümkündür”.

O, yazı işlərinin yoxlanması prosesinə də aydınlıq gətirib. Bildirib ki, yazı işlərinə baxış olimpiadadan 1 gün sonra bəlli zaman kəsimində keçirilir:

“Şagird həmin müddətdə gəlib yazı işinin yoxlanması prosesinə baxmayıbsa,  sonradan bu, mümkün olmur. Mümkünsüzlüyün səbəbi isə budur: münsiflər heyəti ayrı-ayrı institutların, akademiya və universitetlərin alim- professor heyətidir. Onları yalnız müəyyən vaxtda bir araya toplaya bilirik. Hər kəs fərqli vaxtda yazısına yoxlatmağa gəlsə, onda bu işin sonu olmaz”.

Qeyd edək ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri mayın 27-də  bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları