
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ədəbiyyatımızın bir qolu da uşaq ədəbiyyatıyla bağlıdır. Bəs bu gün uşaqlarla bağlı kifayət qədər şeirlər yazılıbmı və bu sahədə problemlər nədən ibarətdir?
AzEdu.az xəbər verir ki, Moderator.az-ın sualını Azərbaycan Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə cavablandırdı. Q.Nəcəfzadə bildirdi ki, bu gün çap olunan uşaq ədəbiyyatı kitabların yayım problemi var:
“Bu gün uşaq ədəbiyyatı yaranır və buna əminəm, çünki bu işin içindəyəm. İlk olaraq sizin saytınıza minnətdarlığımı bildirirəm ki, belə gündə uşaq ədəbiyyatı məsələsini gündəmə gətirirsiniz. Başqa mətbuat orqanları, televiziyalar, radiolar heç bunu yada salmırlar. Uşaq ədəbiyyatında müəyyən çatışmazlıqlar var və bu da onunla bağlıdır ki, uşaq ədəbiyyatı tənqidi yox dərəcəsindədir. Çoxları böyük adamlardan, Xalq şairləri və yazıçıların yaradıcılığından yazırlar. Uşaq ədəbiyyatını isə elə uşaq yerinə qoyurlar, amma bilmirlər ki, ədəbiyyatının başı elə uşaq ədəbiyyatıdır. Şairin istedadını ölçən də uşaq ədəbiyyatıdır. Əgər bir şair yaxşı uşaq şeiri yaza bilirsə, demək böyük üçün də yaza bilər. Burda şairdən istedad tələb olunur, gərək uşaq şairi doğulasan. Uşaq ədəbi tənqidi, uşaq ədəbiyyatının təbliği, uşaq verilişləri televiziyada çatışmır və ya yetərincə deyil. Uşaq kitab mağazaları rayonlarda yox dərəcəsindədir. Məktəblərin yanında hər cür ərzaqlar satırlar, amma bircə kitabdan başqa. Əslində Bakı və rayonlarda nə qədər köşk var idisə, bunların bir adı vardı ki, qəzet köşküdür. Amma gedib görürsən ki, içində hər şey var, qəzeti və jurnalı da bir küncə qoyublar. Satıcıdan “Azərbaycan” jurnalını soruşanda məlum olur ki, heç jurnal haqda məlumatı yoxdur. Baxırsan ki, jurnalı yerə atıb üstünə də siqaret yığıblar. Amma bilmirlər ki, bu icazəni onlara jurnala, qəzetə görə veriblər. Bunu da işə qoyanda Bakı şəhər İcra Hakimiyyəti və ya yerli orqanlar nəzərə almalıdır ki, köşk mətbuat üçündür. Mətbuat Şurası da bununla bağlı reydlər etməlidir ki, qəzetlərin satışı necə həyata keçirilir”. Q.Nəcəfzadə bildirib ki, son illər bir çox şairlərin uşaq şeirlər kitabı çapdan çıxıb və hətta mükafata da layiq görülüblər: “Bu gün bir çox yazarlarımızın uşaq şeirlər kitabı çapdan çıxıb. Onlardan Rafiq İsaoğludur ki, “Qızıl Kəlmə” mükafatı da aldı. Almaz Amanovanın da uşaq şeirləri kitabı çıxıb və o, da “Qızıl Kəlmə” mükafatına layiq görülüb. Sonra Qülaməli Muradın, Ələsgər Əlioğlunun, Aləmzər Əlizadənin uşaqlarla bağlı şeirlər kitabı çapdan çıxıb. Görək bu gün Gədəbəyin hansı ucqar kəndində bu kitablar satılırmı?! Biz orta məktəbdə olanda ora avtodükan gəlirdi və biz uşaq şeirlərini ordan əldə edirdik. Burda da çox adam tələb olunmur, bir sürücü, bir satıcı və bir aktyordur ki, bu işi həyata keçirirlər. Bununla bağlı Mədəniyyət Nazirliyinə və Azərbaycan Yazıçılar Birliyinə təklif vermişəm. Bunu Azərbaycanın ucqar rayonlarına təşkil etmək o qədərmi çətindir?! Belə olan təqdirdə uşaq ədəbiyyatı, kitabı uşağın yanına gedir, çünki uşaq gedib öz kitabını ala bilmir, yola çıxa bilmir. Dəfələrlə təklif etmişəm ki, Bakıda iki-üç məktəb yanaşıdır və onların yanında bir kitab köşkü qoyulsun və buna nəzarət olunsun. Bu gün uşaq ədəbiyyatı yaranır, uşaq verilişlərinin sayı artırılmalıdır, keyfiyyəti yüksəldilməlidir, buna qayğı olmalıdır”. Q.Nəcəfzadə uşaq yazıçılarının da problemindən danışıb: “Bir də uşaq yazıçılarının özünün yaradıcılıq problemi var. Bu da ondan ibarətdir ki, uşaq şeirini iki cür başa düşürlər-bir uşaqlar haqqında şeir və bir də uşaq şeiri. Çox təəssüflər olsun ki, bizim yazıçılarımız uşaqlar haqda şeirləri uşaq şeiri kimi başa düşürlər və dərsliklərə salırlar. Bu isə uşaq şeiri deyil. Azərbaycanda uşaqlar hamısı türk dilini bilir və bu da türk cizgi filminin uğurudur. Nəvələrimin hamısı türk dilində danışır, çünki Türkiyənin gözəl cizgi filmləri var. Azərbaycanda isə bu dili formalaşdıran filmlər azdır və yaxud yox dərəcəsindədir. Bu cür filmləri elektron formada uşaqlara təqdim etmək lazımdır. Amma ümidliyəm ki, uşaq ədəbiyyatı var və yaranır. Belə gündə mən də uşaqları və uşaq yazarlarını təbrik edirəm”.