
Azərbaycanın dövlət siyasətində gənclərin elmə marağının artırılmasına, elmi-tədqiqatlara cəlb olunmasına xüsusi yer ayrılır.
AzEdu.az xəbər verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov söyləyib. O vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı böyük əhəmiyyət daşıyır. Proqramın məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaqdır. Dövlət Proqramında gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması, gənclərin elmə istiqamətlənməsi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində biz Gənc Alim və Mütəxəssislər Şurası olaraq müəyyən tədbirlər keçirmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
Famin Salmanov qeyd edib ki, keçirilən tədbirlər digər gənclərə də təsir edir, onların elmə marağını artırır. Gənclərin dünya elminə inteqrasiyası üçün həm dövlət, həm də akademiya tərəfindən mühüm addımlar atılır. Akademiyanın magistrantlarının və doktorantlarının dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərində təcrübə keçmələri, treninqlərdə iştirak etmələri üçün hər cür şərait yaradılıb.