Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 09:16:00
Təhsil nazirindən "son zəng" təbriki

Bu gün Azərbaycanda 2018/2019-cu dərs ili yekunlaşır.

Məlumata görə, bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

Təhsil naziri Ceyhun Bayramov “son zəng” münasibətilə məzunları təbrik edib.

AzEdu.az nazirin “Son zəng” təbrikini təqdim edir:

“Əziz məzunlar!

Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibətilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm.

Siz yeni arzularla gələcəyə hədəflənirsiz. Yeni həyat yolu Sizə məqsəd və imkanlarınızı birləşdirmək amalı bəxş edir. Bu amalla da  ilk növbədə Vətənə, xalqa, insanlara xidmət vəzifəsi ilə müxtəlif həyat yollarını seçirsiniz. Əminəm ki, əldə etdiyiniz  bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək.

Sizin hər biriniz bizim üçün  dəyərli və əvəzolunmazsınız!

Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram!”