Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 16:00:00
Ölkənin ən güclü 8 şagirdi AzEdu.az-a danışdı - “Birincilərin Birincisi” olanların təəssüratları

2018-2019-cu tədris ilində Respublika fənn  olimpiadasına 30 mindən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.

Hər fənn üzrə ən yüksək nəticə göstərən 8 şagird isə “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

AzEdu.az sizi Birincilərin Birinciləri ilə daha yaxından tanış edir.

Birincilərin BirincisiƏli Əliyev: Bu qalibiyyətim 4 illik əziyyətimin nəticəsidir”.

Əli Əliyev Təhsil Nazirliyinin tabeliyindəki Kimya- biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdidir. Əli Respublika fənn olimpiadasında kimya fənni üzrə ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

O, bakalavr təhsilini ölkəmizdə almağı planlaşdırsa da, sonra təhsilini xaricdə davam etdirmək arzusundadır:

“Olimpiadaya hazırlıq prosesinə 8-ci sinifdən başlamışam. Bunun üçün Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinə gedirdim. Orada müəyyən mövzulara həm nəzəri hazırlaşır, həm də praktiki olaraq tətbiq edirdik. Həmin mərkəzə xaricdən müəllimlər də dəvət olunurdu. Belə demək mümkünsə, “Birincilərin birincisi” olmağım 4 illik əziyyətimin nəticəsidir.

Olimpiada qalibi olduğum üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilərəm. Artıq qeydiyyatdan keçmişəm, lakin cavablar açıqlanmadığı üçün hansı universitetə qəbul olunduğumu bilmirəm”.

Birincilərin Birincisi Vüqar Rufulla: Hədəfim sayılıb-seçilən hüquqşünas olmaqdır”.

Vüqar Rufulla Bakı şəhəri 261 nömrəli məktəb-liseyin XI sinif şagirdidir. Vüqar Respublika fənn olimpiadasında tarix fənni üzrə ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

Olimpiadaçı qeyd edir ki, o, qəbul imtahanında iştirak edərək yüksək nəticə göstərib:

“Olimpiadaya hazırlaşmaq üçün çoxlu kitablar oxuyurdum. Hazırlıq prosesində məktəbin müəllimləri, xüsusən tarix müəllimimiz bizə çox kömək edirdi.

Olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu ilə bağlı atılan addım  bizi çox sevindirdi. Lakin mən özüm hazırlaşıb universitetə imtahan verdim, çünki istədiyim ixtisas müsabiqədənkənar qəbul proqramında yoxdu.

III ixtisas qrupu üzrə imtahan verib, 672 bal toplamışam. Lakin ali məktəblərə qəbul imtahanlarının yay mərhələsində də iştirak edəcəm. Ümid edirəm ki, hüquq üzrə təhsil ala biləcəm”.

“Birincilərin Birincisi” Ceyhun Əsədov: “Vaxtı boş yerə sərf etmək olmaz, uğur əldə etmək üçün çoxlu əziyyət çəkmək lazımdır".

Ceyhun Əsədov Xaçmaz rayon Şəmsəddin Sədiyev adına Qımıl Qışlaq kənd tam orta məktəbin XI sinif şagirdidir. Ceyhun Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

Hüquqşünas olmağı hədəfləyən olimpiadaçı arzularından bəhs edir. O deyir ki, qismət olarsa, gələcəkdə kitab müəllifi olacaq:

“Olimpiadaya əlavə mənbələrdən yararlanaraq hazırlaşırdım. Dövlət İmtahan Mərkəzinin dərs vəsaitləri ilə kifayətlənmir, digər mənbələrə də müraciət edirdim. Bu qalibiyyət üçün təbii ki, çox sevindim. Çünki qalib gəlmək üçün ciddi vaxt sərf etmişdim.

Hədəfim hüquqşünas olmaqdır, amma qəbul oluna bilməsəm, yəqin ki, filologiya və ya tərcüməçilik istiqamətlərində də ixtisaslaşa bilərəm. Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsindən 592 bal toplamışam.Yayda keçiirləcək qəbul imtahanında iştirak etməyi düşünürəm.

Gələcək arzularımdan biri də kitab müəllifi olmaqdır: bədii əsər, roman yazmaq istəyirəm. Bu barədə qəti qərar verməmişəm, amma fantastik əsər yazmağı planlaşdırıram”.

 “Birincilərin Birincisi” Ramil Cəbiyev: “Ali məktəblərə müsabiqədənkənar qəbul üçün qeydiyyatdan keçmişəm”.

Ramil Cəbiyev nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdidir. Ramil Respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

12 dəfə beynəlxalq olimpiada qalibi olan Ramil bildirir ki, o, gələcək kariyerasının elə riyaziyyatla bağlı olmasını planlaşdırıb:

“Bu uğuruma görə çox sevinirəm. Çünki qalibiyyət üçün əziyyət çəkib çox vaxt ayırırdıq: gün ərzində təxminən 6-7 saat komanda şəklində işləyirdik.

Bu vaxta qədər təxminən 12 dəfə beynəlxalq olimpiadada 8 gümüş, 4 bürünc medalla təltif olunmuşam. Ümumiyyətlə, Beynəlxalq Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası və Qafqaz Riyaziyyat Olimpadasında iştirak etmişəm.

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, ali məktəblərə müsabiqədənkənar qəbul üçün qeydiyyatdan keçmişəm və  cavabların elan olunmasını gözləyirəm”.

 “Birincilərin Birincisi” Əbütalib Namazov: “Olimpiadaya hazırlıq böyük zəhmət və vaxt tələb edir”.

Əbütalib Namazov da nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdidir. Əbütalib Respublika fənn olimpiadasında informatika fənni üzrə ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

İnformatika fənni üzrə Respublika fənn olimpiadalarına ilk dəfə VII sinifdə oxuyarkən qatılan Əbütalib hazırda yarışlara özü hazırlaşır. O bildirib ki, gün ərzində təxminən 8-10 saat informatika ilə məşğul olur:

“Ümumiyyətlə, olimpiadaya hazırlıq böyük zəhmət və vaxt tələb edir. Ciddi uğurlar əldə etmək istəyən şagirdlər mütləq günün böyük hissəsini həmin fənnə həsr etməli, hətta digər fənləri oxumağa nisbətən daha az vaxt ayırmalıdırlar. Mən eyni zamanda beynəlxalq informatika olimpiadasında Azərbaycan komandasının üzvüyəm. Buna görə günün 8-10 saatını informatika ilə məşğul olmağım şərtdir.

Hələ 3 il əvvəl olimpiadaya ilk dəfə qatılanda yarışma hazırlıq məktəbimizdə yaradılan Olimpiada Mərkəzində keçirilirdi. Mən də həmin dərslərə qatılıb özümü inkişaf etdirirdim.

İnformatika və riyaziyyat fənnindən bir neçə dəfə olimpiadalara qatılıb qalib olmuşam. Bundan əlavə, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında gümüş medal, 2 dəfə isə Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında bürünc  medal qazanmışam.

Ali təhsilimi xaricdə, xüsusən informasiya texnologiyaları ixtisası üzrə almaq istəyirəm. Əgər xarici universitetlərə qəbul olunmasam, Azərbaycandakı ali məktəblərdən birinə müsabiqədənkənar qəbul olunacam”.

 “Birincilərin Birincisi” Cavid Balaməmmədov: “Olimpiadaya hazırlıq böyük zəhmət və vaxt tələb edir”.

Cavid Balaməmmədov Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdidir. Cavid Respublika fənn olimpiadasında coğrafiya fənni üzrə ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

Olimpiada qalibi öz sevincini bizimlə bölüşür. O hesab edir ki, əziyyət çox olan yerdə mütləq yüksək nəticə olur:

“Coğrafiya fənninə həvəsim hələ kiçik yaşlarımdan başlayıb. Daima öz üzərimdə işləyib müəllimlərimin də köməyi ilə biliklərimi artırmışam.

Olimpiada bizim üçün bir növ sınaq imtahanı oldu. Bu il bütün əziyyətimin nəticəsi olaraq “Birincilərin Birincisi” seçildim, qızıl medala layiq görüldüm.

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, bizə müsabiqədənkənar qəbul üçün bir neçə fakültə təklif olunsa da, mən özümü Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanında da sınamaq istədim. Nəticədə, II ixtisas qurupu üzrə 632 bal topladım.

Bakalavr pilləsi üzrə burada  oxuduqdan sonra təhsilimi öz ixtisasıma uyğun xaricdə davam etdirməyi düşünürəm. Lakin harada təhsil alacağımdan asılı olmayaraq, qayıdıb fəaliyyətimi Azərbaycanda davam etdirəcəm”.

“Birincilərin Birincisi” Mətin Muradlı: “Adım qaliblər arasında açıqlananda qürur hissi keçirdim”.

Mətin Muradlı Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Mətin Respublika fənn olimpiadasında biologiya fənni üzrə ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

Olimpiada qalibi qeyd edir ki, VIII sinifdən etibarən olimpiadalara qatılıb. O, ötən tədris ilində biologiya üzrə respublika fənn olimpiadasında gümüş medal qazanıb:

“Dərsləri bizə müəllimimiz Elxan Tahirov keçirdi. Ondan sonra artıq IX sinfin əvvəllərində beynəlxalq fənn olimpiadasına qatılmaq üçün imtahana getdim və komandanın üzvü seçildim. Bir il keçirilən təlimlərin sonunda 7 dəfə imtahan verdim. Buna paralel olaraq, Respublika fənn olimpiadasına hazırlaşdım və “Birincilərin Birincisi” kimi qızıl medala layiq görüldüm.

Dostlarım mənə xəbər verdi ki, Təhsil Nazirliyi “Facebook”da canlı yayımda olimpiada qaliblərinin adlarını açıqlayır. Qaliblərin adları çəkilirdi, lakin mənim adım sona qaldı. Pis oldum, təəssüf hissi keçirirdim. Nəhayət, adım səsləndi, böyük qürur hissi keçirdim. Bu da motivasiyamın artmasına köməklik etdi.

Sırf buna görə olimpiadaya daha yüksək ruhla hazırlaşıram. Biz hazırda 4 nəfər olmaqla İran islam Respublikasına praktika keçməyə gəlmişik. Burada öyrəndiklərimiz bizim bazamızı daha da genişləndirir. 2019-cu ilin 14-21 iyul tarixində keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşırıq.

İnşallah növbəti iki ildə də beynəlxalq fənn olimpiadasında iştirak edib qalib gəlmək istəyirəm. Çünki hələ IX sinfi bitirmişəm və iştirak üçün vaxtım və həvəsim var. Müəllimim Nəzakət Məmmədəliyeva mənə biologiyanı peşəkar şəkildə öyrədib. Elxan Tahirov isə məni aşağı yaş qrupu üzrə fənn olimpiadalarına hazırlayıb. O mənə əsasən müasir biologiya fəninin dərinliklərini öyrədib. Ümumiyyətlə beynəlxalq olimpiadaya qatılmağımda müəllimlərimin böyük rolu olub”.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Şükufə Süleymanlı