
Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VIII sinif şagirdi Toğrul Abbasov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov gümüş medala layiq görülüblər.
Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VIII sinif şagirdi Amin Cəfərzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə və nazirliyin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı isə bürünc medal qazanıb.
Beləliklə, şagirdlərimiz Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasından 2 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 6 medal əldə ediblər.
AzEdu.az əməkdaşı olimpiada qaliblərinin təəssüratlarını öyrənməyə çalışıb:
Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VIII sinif şagirdi Toğrul Abbasov :
“Gümüş medala layiq görülmək çox yaxşı hissdi. Amma bu qızıl medal da ola bilərdi. Çalışacağam ki, qarşıdakı illərdə olimpiadaya yenidən qatılıb, qızıl medal əldə edim.
Gələcək hədəflərim sırasında xaricdə oxumaq və Balkan Olimpiadasında bir daha iştirak etmək kimi fikirlər var. Olimpiada qalibləri üçün yaradılan yeni imkanlardan –müəyyən ixtisaslar üzrə universitetlərə müsabiqəsiz qəbuldan- yararlanmağı düşünürəm. Lakin beynəlxalq olimpiada qaliblərinin daha çox seçim imkanı olduğundan, mən də tezliklə ölkədən kənarda uğur əldə etmək fikrindəyəm.
Gələcəkdə təhsilin keyfiyyəti baxımından dünyanın “TOP-10”-na düşən universitetlərdə oxumağı düşünürəm. Yəqin ki, alacağım təhsil kompüter mühəndisliyi və informasiya texnologiyaları üzrə olacaq”.
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VIII sinif şagirdi Amin Cəfərzadə, bürünc medalçı:
“Bu, mənim qatıldığım ilk beynəlxalq olimpiada idi. Bundan əvvəl Respublika Fənn Olimpiadasında gümüş medala layiq görülmüşəm.
Gələcəkdə informasiya texnologiyaları sahəsində püxtələşmək və proqramçı kimi çalışmaq istəyirəm.
Təhsilimi xarici ölkədə almağı düşünürəm. Hansı universitetdə oxumağımı hələ dəqiqləşdirməsəm də, dünyanın tanınmış ali məktəblərində təhsil görmək istəyirəm.
Olimpiada qalibləri ilə bağlı məlum qərar çox ürəkaçandır, lakin mən xarici universitetdə oxuyacağım üçün bu qərardan yararlana bilməyəcəyəm.
Olimpiada çox maraqlı təəssüratlarla yadda qaldı. Hər gün oteldə uşaqlarla birlikdə çox gözəl vaxt keçirirdik”.
Bakı şəhər 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov, gümüş medalçı:
“Balkan Riyaziyyat Olimpiadasında artıq ikinci ildir ki, iştirak edirəm, birinci dəfə bürünc medala layiq görülmüşdüm.
Bu il üçün ümidlərim böyük idi, lakin gümüş medal əldə etdim. Buna baxmayaraq, çox sevincliyəm, çünki ölkəmizi layiqli şəkildə təmsil etdim. Olimpiadada 2 gümüş, 4 bürünc olmaqla 6 medal qazandıq. Ölkə olaraq çox yaxşı nəticə göstərdik. Olimpiada mübarizə meydanıdır. Burada insan səbir və dözüm öyrənir. Amma bizim üçün artıq hobbiyə çevrilib. Çünki onun hazırlığı hər gün olur.
Gələn il bir daha da olimpiadaya hazırlaşacağam. Ümid edirəm ki, ölkəmizi yaxşı şəkildə təmsil edərək, qızıl medal qazanaram.
İki dəfə Respublika Fənn Olimpiadasında iştirak edib, gümüş və bürünc olmaqla, iki medala layiq görülmüşəm.
Hələlik universitet və ixtisas seçimi ilə bağlı qərar verməmişəm. Təhsilimi çox güman ki, xarici ölkələrin birində davam etdirəcəyəm.
Olimpiada vahid komanda kimi mübarizə aparmağın özü bir stimuldu. Burada biz fikir mübadilələri aparır, bilik yarışmasına hazırlaşırdıq. Başqa ölkədə olarkən bir-birimizə dəstək olmağımız böyük bir motivasiyadı. Fərdi şəkildə qatılsaydıq, bəlkə bu qədər uğur əldə edə bilməzdik”.
Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə, bürünc medalçı:
“Ölkəmizi təmsil etmək mənim üçün qürurverici hiss idi. Bu, iştirak etdiyim ilk olimpiada deyil. Respublika Fənn Olimpiadasında gümüş medala layiq görülmüşəm.
Balkan Riyaziyyat Olimpiadası çox çətin idi. Burada 17 ölkə təmsil olunurdu. Sualların səviyyəsi ötən və ondan əvvəlki illərlə müqayisədə qat-qat ağırlaşdırılmışdı. Digər ölkələrdən qatılan uşaqların səviyyəsi də bizimlə eyni idi.
Olimpiadaya qatılmaq üçün biz iki ay müddətində hazırlıq keçdik. Buradan 6 medalla və yüz faizlik bir nəticə ilə qayıtdıq. Xatirələrimiz çox xoş idi. Yarışmada bir həftə qaldıq. Çox maraqlı günlər yaşadıq.
Gələcəkdə Bakı Ali Neft Məktəbində oxumaq istəyirəm. İxtisasımın isə hələ tam dəqiqləşdirə bilməmişəm. Buna gələn il qərar verəcəyəm. Xaricdə oxumaq planlarım var. Olimpiada qaliblərinə şamil olunacaq imkandan yararlanmağı da istəyərdim.
Biz bu olimpiadada komanda şəklində işlədik. Bir-birimizlə müzakirələr etdik və söhbət aparırdıq”.
Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı, bürünc medalçı:
“Hazırlıq prosesinə uzun müddət əvvəl başlanılmışdı. Burada düşərgələr təşkil olunurdu. Bundan əlavə, qalan vaxtda isə özümüz komanda şəklində hazırlaşırdıq. Olimpiada Kiprin Aqos şəhərində keçirildi. Füsunkar meşəliklə örtülü ərazinin mənzərəsi çox gözəl idi.
Gələcəkdə xarici universitetlərdə oxumağı düşünürəm. Hələlik hansı ixtisası seçəcəyimi düşünməmişəm, amma çox güman ki, riyaziyyatla bağlı olacaq.
Əgər xarici universitetlərə qəbul olmasam, burada da oxuya bilərəm".
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə, bürünc medalçı:
“Olimpiada çox maraqlı keçdi. Bizi yaxşı şəkildə qarşıladılar. Hər şey əla idi...
Gələcəkdə ali məktəbi xarici ölkələrin birində mühəndislik ixtisası üzrə oxumağı düşünürəm. Hələlik, hansı universitetdə oxuyacağımı dəqiqləşdirməmişəm, lakin bu yəqin ki, “top onluq”da olan təhsil müəssisələrindən biri olacaq.
Komanda üzvləri ilə əyləncəli anlar yaşadıq, birlikdə futbol oynadıq. Bağlanış mərasimi də maraqlı keçdi. Başqa ölkələrdən gələn şagirdlərlə tanış olduq. Fərqli təəssüratlar yaşadıq.
İlk dəfə idi ki, beynəlxalq olimpiadada iştirak edirdim. Respublika riyaziyyat olimpiadasına iki dəfə qatılmışam. Bir dəfə bürünc medala layiq görülmüşəm.
Fənn müsabiqələrində isə iki dəfə iştirak etmişəm. Fizikadan gümüş, riyaziyyatdan isə qızıl medala layiq görülmüşəm”.
Şükufə Süleymanlı