
İyunun 27-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin xətti ilə İsmayıllı və Qəbələ rayonlarına media tur təşkil edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi media turda turizm və kənd təsərrüfatı yönümlü ixtisaslar üzrə təhsil alan tələbələrdən praktiki şəkildə imtahanlar götürülüb.
Avropa İttifaqının qrand layihəsi çərçivəsində İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzüm və şərab ustası” ixtisası qrupunun tələbələri də aralıq imtahanlarında iştirak ediblər.
Elə biz də ilk olaraq İsmayıllı Peşə Təhsil Mərkəzinin “Üzüm və şərab ustası” ixtisası qrupu tələbələrinin imtahanlarında iştirak etdik.
Amma gəlin, əvvəlcə media turun təşkil olunduğu müəssisələr, ümumiyyətlə, layihə barəsində ümumi məlumatı Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdirindən eşidək:
Qısa məlumat:
Zamin Bədirxanov Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin iş yönümlü və işə götürülənlərlə əməkdaşlıq şöbəsinin müdiri:
“Avropa İttifaqının qrand layihəsi çərçivəsində Qəbələ, Qax İsmayıllıda turizm və kənd təsərrüfatı sektoru üzrə kadrların təkmilləşdirilməsi ilə bağlı proqram həyata keçirilir. Bu gün proqram əsasında layihəyə cəlb olunan tələbələrin aralıq imtahanları həyata keçirilir. Hazırda İsmayıllı Şərab II ASC-nin həyətindəyik. Müqavilə əsasında əməkdaşlıq çərçivəsində iki hektar ərazi tamamilə peşə təhsil müəssisəsinin tələbələrinin ixtiyarındadır. Bu gün onların bir il ərzində öyrəndikləri biliklərin praktiki qiymətləndirilməsi aparılır. Gün ərzində İsmayıllı rayon Peşə Təhsil Mərkəzinin “Üzüm və şərab ustası”, Qəbələ rayonu Peşə Təhsili Mərkəzində isə “Kənd təsərrüfatı və turizm” ixtisası qrupu tələbələrinin praktik qiymətləndirilməsi həyata keçiriləcək”.
İndi qayıdaq, imtahan prosesimizə... Bu, gözümüzün alışdığı standart, kağızlı-qələmli, yaxud, testli-kompüterli imtahan deyil. Necə deyərlər, burada nəyi öyrənmisənsə, əyani şəkildə meydanda da göstərməlisən. “Bu meydan, bu şeytan” deyib, işə keçən tələbələrin bir neçəsi ilə söhbətləşdik:
İsmayıllı rayonu Peşə Təhsil Mərkəzinin “Üzüm və şərab ustası” ixtisası qrupunun tələbəsi tələbəsi Abdullazadə Bəhruz:
“IX sinfi bitirdikdən sonra orta məktəbdən çıxıb, peşə təhsili almaq qərarına gəldim. Qərarımda ailəmin də rolu az deyildi. Bu il artıq birinci kurs bitdi, gələn ildən isə məzun oluruq.
Dərslərimiz çox yaxşı gedir. Nəzəri dərsləri məktəbdə keçib öyrəndiklərmizi üzüm sahələrində tətbiq edirik. Təcrübə dərslərində üzümü budamağı, alaqlardan təmizləməyi, dərmanlamağı və s. öyrənmişik. Bu gün də praktiki imtahanımızdı. Təcrübə dərslərində öyrəndiklərimizdən imtahan verəcəyik”.
İsmayıllı rayon Peşə Təhsil Mərkəzinin I kurs tələbəsi Şöhrət Aydınov da IX sinifdən peşə təhsili almaq qərarına gəlib və seçiminə görə peşman da deyil:
“IX sinifdən sonra peşə təhsili almağa qərar verdim. Burda çox şey öyrənirik, üzümün budanması, alaqlardan təmizlənməsi və s.. Mənim əsas sevdiyim iş yaşıl budanmadır. Əksəriyyət üçün bizim ixtisasımız çətin görünür. Məncə, belə deyil. Bir insan gördüyü işi sevirsə, ona hər şey asan gələcək. Mən də ixtisasımı çox sevirəm”.
İsmayıllı rayon Peşə Təhsil Mərkəzində usta vəzifəsində işləyən Lətifov Ramil tələbələrin dərsləri məktəbdən daha çox sahələrdə öyrəndiklərini deyir:
“Biz uşaqlarla praktiki dərs aparırıq. Sahələrdə üzümün əkilməsi, budanması, becərilməsi, dərmanlanmasını öyrənirik. Qrupun əksəriyyəti dərsə həvəslə gəlir.
Bir müəllim kimi deyə bilərəm ki, praktiki dərslər tələbələrin ixtisaslarına marağını daha da artırır. Təcrübə dərsləri tədris ili üzrə həftədə 12-13 saat olsa da, budama, dərmanlama vaxtlarında davamlı şəkildə sahələrdə oluruq. Bir sözlə, uşaqlar dərslərini kitabdan daha çox sahələrdə öyrənirlər. Üzüm sahəsi onların ixtiyarına verilir. Dərsin ağırlığına uyğun olaraq, üzüm sıraları onlar arasında bölünür. Budama dərslərində hər sırada bir, dərmanlama kimi işlərdə isə iki tələbə çalışır.
Bu ixtisas yeni tədris olunduğu üçün dərsliklərimiz hələ tam hazır deyil, bəzi dərsləri kompüterdən öyrənirik. Bu gün də uşaqların praktika imtahanlarıdır”.
İsmayıllıdakı zəhmətkeş tələbələrlə sağollaşıb yollandıq Qəbələyə… Burada da bizi zəhmətkeş, ixtisasını sevən gənclər gözləyirmiş... İmtahan prosesi zamanı onların işlərinə necə sevgi ilə yanaşdığını gözlərindəki parıltıdan öyrənirik.
Onlardan əvvəl Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini direktoru Azad Məmmədov danışır. Deyir ki, bax, bu gördüyünüz tələbələr dərsə çox həvəslidirlər və əksəriyyəti öz sahəsində yaxşı mütəxəssis olacaq:
“Bu gün heyvandarlıq ixtisası qrupunun tələbləri praktik imtahan verirlər. İmtahan yeri daim təcrübə dərslərimizin keçirildiyi heyvandarlıq müəssisəsidir. Tələbələrimiz burada yemlərin hazırlanması ilə bağlı nəzəri dərslər keçdikdən sonra, təcrübi bacarıqlarını möhkəmləndirirlər. Bu gün isə öyrəndiklərini əyani formada sərgiləyəcəklər. Onların dərsə maraqları yüksəkdir. Qrupun 90%-inin ixtisası üzrə yaxşı mütəxəssis olacağına inanıram”.
“Heyvandarlıq mütəxəssisi” ixtisası qrupunda təhsil alan tələbə Ərəbzadə Murad ailədə də heyvandarlıqla məşğul olduqları üçün bu ixtisası seçib. Dərsdə öyrəndiklərini evdə də tətbiq edən Murad bunun səmərəsini də görüb:
“Heyvandarlıq mütəxəssisi qrupunun I kurs tələbəsiyəm. Ailəliklə heyvandarlıqla məşğul olduğumuz üçün bu ixtisası seçdim. Hazırda heyvanların yemlənməsi prosesi ilə bağlı imtahan veririk. Yəni yemlər necə hazırlanır, hansı ardıcıllıqla heyvanlara verilir və s. kimi məsələlərdə biliklərimizi tətbiq edirik.
İxtisasımı çox sevirəm. Burda öyrəndiklərimi evdə tətbiq elədim. Əvvəllər bir inəkdən 10 l süd alırdıqsa, indi artıq 5 l süd sağırıq. Gələcəkdə də işimi davam etdirib, yaxşı mütəxəssis olmağı düşünürəm”.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm və otelçilik üzrə peşə tədris mərkəzinin direktor müavini Reyhan Məmmədova məzunların artıq işlə təmin olunduğunu bildirir:
“3 ixtisas qrupumuz qənnadı-şirniyyatçı, barmen-bufetçi və turizm agenti ixtisasları üzrə Alman Əməkdaşlıq Təşkilatı ilə birgə layihədə iştirak edir. Bu layihənin nəticəsində çox gözəl uğurlar əldə etdik; məzunlarımızın bir çoxu təhsil mərkəzini bitirib hələ diplomlarını ələ almamış işə dəvət olunublar. Bu da həm tədris mərkəzinin, həm də layihənin uğurudur. Bir təhsil müəssisəsi üçün ən böyük uğur məzunlarının dərhal işlə təmin olunmasıdır. Bu gün imtahan verəcək 19 şirniyyatçı qənnadı- ixtisasının tələbələrindən artıq 15-i işlə təmin olunub”.
Qəbələ dövlət Peşə Təhsil Mərkəzinin qənnadı-şirniyyatçı ixtisas qrupunun tələbəsi Leyla Abdullayeva ixtisasını çox sevir və yaxşı bir mütəxəssis olmaq istəyir:
“Bir ildir ki, peşə təhsili alıram. Əvvəllər ixtisasımı nəzəri formada öyrəndim. Son 3 ayda isə artıq təcrübə dərslərə başladıq. Öyrəndiklərimizi praktiki formada imtahan vasitəsilə tətbiq edəcəyik.
İxtisasıma həvəsim çox olub. Düzü, bura gəlməmişdən əvvəl də nələrisə bacarsam da burda daha dərindən öyrəndim. Evdə də biş-düşü çox sevirəm. Gələcəkdə peşəkar işçi olmaq istəyirəm”.
Rəna Nəbi