Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 10:02:00
“Bu dəyişiklər təsadüfi şəxslərin elmə gəlməsinin qarşısını alacaq” - Prorektor  

Yeni təsdiqlənən “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə görə dosent  və professor olmaq üçün  impakt faktorlu nəşrlər tələb olunur. Eyni zamanda impakt faktorlu  nəşrlərə görə elmlər doktoru olmadan da professor olmaq mümkün olacaq.

AzEdu.az əməkdaşı Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanovun mövzu ilə bağlı fikirlərini öyrənib:

 “Bu, Azərbaycan elminə böyük fayda verəcək. Bir nüansı qeyd etmək istəyirəm: Beynəlxalq indeksli jurnalların siyahısına daxil olan nəşrlərin adı qərara əsasən, Ali Attestasiya Komissiyasına həvalə olunub. Həmin komitə o siyahının adını hələ ki açıqlamayıb. Onu da deyim ki, bu siyahıda dünyadakı ən nüfuzlu jurnalların adları əks olunacaq.

Həmin siyahıda Web of Science sistemində olan jurnallar da var. Burada 7000 qədər nəşr mövcuddu. Həmçinin, sahə indeksinə aid  jurnallar da bu qərarda öz əksini tapıb. Buraya iqtisadiyyat və digər sahələri əhatə edən nəşrlər daxildi”.

Elçin Süleymanov Avropa ölkələrində müdafiə zamanı  dissertasiyanın nəticələrinin mütləq şəkildə impakt faktorlu jurnallarda nəşr edilməli olduğunu deyib:

“Nəticələr həmin jurnallarda çap edilən zaman aparılan tədqiqat etibarlı sayılır. Bu da elm adamlarını məcbur edir ki, həyata keçirdikləri tədqiqatları keyfiyyətli şəkildə aparsınlar.

Əvvəllər  dosent elmi adını almaq çox  asan idi. Amma hazırda  bir çox ölkədə bu, çox çətinləşib. Professor elmi adını əldə etmək  isə asandı. Bunun üçün 4-5 il vaxt tələb olunur.

Bizdə  bu qərar ilk başda çətinlik yaratsa da, sonradan öz nəticəsini verəcək. Bu vəziyyət doktorantura pilləsində də yaşanıb. Burada İELTS və TOEFL tələbləri ilk vaxtlar müsbət qarşılanmasa da, sonradan istənilən nəticəni verdi.

Prorektor həm də bu qərarın  təsadüfi şəxslərin elmə gəlməsinin qarşısını alacağını qeyd edib:

”Çünki burada ciddi elmi işlərin həyata keçirilməsi tələb olunur. Qərarda  impakt faktorlu jurnallarla yanaşı, xaricdə nəşrlərin və  elmi konfransların olması da tələb olunur.

Bu, elm adamlarının işini çətinləşdirməyəcək sadəcə, kənar, elmlə əlaqəsi olmayan şəxslərin qarşısını alacaq. Həmçinin elmlə paralel işlər görən insanlar da artıq keyfiyyətli elmi iş ortaya qoymaqda çətinlik çəkəcəklər. Bu da onların sırf elmlə məşğul olmasına gətirib çıxaracaq.

E.Süleymanov müsahibəsində yalnız elmi tədqiqat institutları və universitetlərdə  çalışan şəxslərin  elmlə məşğul olmasının vacibliyini bildirib:

“Məmurların isə öz əsas işləri ilə  yanaşı elmlə də  məşğul olub,  ona vaxt ayırması, bu istiqamətdə ciddi  məqalə yazması  mümkünə yaxın olmayan bir şeydi.

Əksər ölkələrdə və universitetlərdə  dosent olduqdan sonra professor elmi adını almaq çox asandı.

Bizdə isə bu etapa çatmaq müəyyən əlavə göstəricilər tələb edir. Amma bu çətinlik ona görədir ki, ölkədə elmin  səviyyəsi artsın, Elm iqtisadiyyata təsir göstərsin. Bu da öz növbəsində iqtisadiyyat və digər sahələrin inkişafına birbaşa köməklik edəcək.

Əldə edilən elmi nəticələr xarici jurnallarda nəşr edilməyəcəksə,  o zaman o, elmi tədqiqat institutlarında qalıb, dünyaya çıxa bilməyəcək”.

Şükufə Süleymanlı