
Dünyada rektorluqla, rektorlarla bağlı iki variant, iki yanaşma var. Bir çox ölkələrdə seçki yoluna üstünlük verirlər. Bəzən də bir adamın ən yaxşı halda ikinci dəfə seçilməsinə icazə verilir.
AzEdu.az xəbər verir ki, bunu Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
“Elə olur ki, bir adam ikinci dəfə seçilə bilmir və başqası ilə əvəzlənir, seçkidə qalib gəlmiş şəxs rektor vəzifəsini icra edir. Bu zaman bir pərakəndəlik yaranır, yeni rektor kollektivlə tanış olub başa çatacan, vaxt bitir, sonra başqası gəlir və beləliklə, bir boşluq yaranır”-deyən millət vəkilinin sözlərinə görə, bu isə nəticədə həmin təhsil müəssisəsinin işinin, ali təhsilin keyfiyyətinə təsir edir.
“Bəzi ölkələrdə, o cümlədən, bizdə və keçmiş sovet ölkələrində daha çox təyinat variantından istifadə edilir. Hesab edirəm ki, təyinat variantı ali təhsilin inkişafı baxımından daha effektiv və səmərəlidir. Eyni zamanda, bizdə rektorların 5 il ərzində təyinat yolu ilə fəaliyyəti qüvvədədir və bu, uğurlu varantdır” – deyən İ. Həbibbəyli seçki məsələsinin istisna olunduğunu sözlərinə əlavə edib.
Adıçəkilən komitənin üzvü, BDU-nun professor Kamilə Əliyeva da qeyd edir ki, rektorlarla, rektorluqla bağlı məsələdə iki variant mövcuddur ki, onlardan biri təyinat, biri seçkidir:
Millət vəkili Azər Badamov öz növbəsində hesab edir ki, Azərbaycan dünyanın bir tərkib hissəsi və bir parçası olaraq, bütün sahələrdə dünyaya inteqarasiya edir, o cümlədən, dünyanın təhsil və onun idarə edilməsi ilə bağlı ən müsbət təcrübələrini öyrənir, araşdırır, əxz və tətbiq edir.
“Biz dünyadan təcrid oluna, kənarda qala bilmərik. Bütün müsbət nələr varsa, onları öyrənməli, ciddi şəkildə araşdırmalı, təhlil, sonra isə tətbiq etməliyik. Geniş araşdırma, təhlil, analiz aparmadan nəyəsə qərar vermək olmaz. Çünki tələsik qərar verilərsə, o zaman bunun tətbiqində, icrasında da müsbətlərdən daha çox, mənfilər yaşana bilər. Odur ki, hər bir məsələdə, xüsusilə, təhsil və onun idarəçiliyi, o cümlədən, rektorluqla, rektorlarla bağlı məsələdə də ən müsbət təcrübələr öyrənilməli və tətbiq olunmalıdır. Azərbaycan da məhz bu yolu tutub. Ölkəmizdə təhsil sahəsində cox ciddi işlər görülür, düzdür, bəzən insanlar tələsir, müsbət nəticələri daha tez görmək istəyir, amma bu, elə bir sahədir ki, orada inqilabdan daha çox, təkamülə ehtiyac var. Hər bir məsələ təkamül yolu ilə həllini tapmalıdır və tapır.
Rektorluq, rektorlar məsələsində də Azərbaycanın tutduğu yol daha məqbul və daha münasib variantdır. Burada bir canlılıq, bir əlaqəlilik də var. Bəzən seçilən insan yenidən seçilə bilmir və onun yerinə seçilənlə kollektiv arasında böyük bir boşluq əmələ gəlir, yəni, tam qaynayıb-qarışma xeyli zaman aparır ki, bunun özü də zaman itkisidir. Amma təyinatda bunlar yaşanmır və hər bir məsələ daha tez həll olunur, çözümünü tapır. Odur ki, mən də hələlik indiki reallıqlar şəraitində təyinat variantının qalmasının tərəfdarıyam. Gələcəkdə nə olacaq, ona o zaman qərar verilə bilər və veriləcək. Ancaq hələlik bu variant reallıqlarımıza daha çox uyğun gəlir”-deyə, A. Badamov sözlərinə əlavə edib.