Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 09:29:00
Rektor optimistdirsə, hər şey yaxşı olacaq…  

Bu il Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi tamam olur. Universitetin ilk rektoru professor Vasili İvanoviç Razumovski:

"Azərbaycan öz ali təhsil ocağını yaratdı. Türk (Azərbaycan) xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Azərbaycanın qovuşacağında yeni çıraq yandı".

Razumovskinin uzaqgörənliyi təsdiqini tapdı: Düz 100 ildən sonra Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olundu.

Etiraf edək ki, Elm və təhsil məbədi olan BDU yarandığı gündən indiyə qədər yüksəliş və durğunluq dövrlərini yaşayıb. Müstəqilliyimizin bu çağında universitetin inkişafı olduqca labüddür. Universitet 100 illiyə qədər dünya universitetləri içərisində layiqli yerini tutmalı idi. Xeyli şansları buraxdıq. Universitetin yeni rəhbərliyinin üzərinə 100 illikdən sonrakı dövrdə Universiteti inkişaf etdirmək missiyası düşür. Xeyli rasional dəyişikliklər müşahidə olunur. Bir neçə gün öncə “Baku Crystal Hall”da keçirilən "BDU-100 Məzun günü"nündə də bunun şahidi olduq. Böyük Məhəmməd Əmin Rəsulzadənin Universitetin yaradılmasından sonra söylədiyi bu möhtəşəm fikirlər sanki indi deyilib: "Dünyada rus elmi deyil, beynəlmiləl bir elm var. Biz beynəlmiləl elmi hər bir millətin ağzından eşitdiyimiz kimi, rus professorları ağzından da öyrənə bilirik. Çünki bizə elm və fənni, Çində belə olsa, öyrənməyi tövsiyyə etmişlər. Çində öyrənilməsi lazım gələn bir elmi Azərbaycan paytaxtında bir çinli ağzından öyrənməkdən bizim üçün heç bir fərq və xətər yoxdur. Biz ruslar mərkəzində, rus darülfünunlarında təhsil edənlərdən zərər görmədik. Vəqtilə bu darülfünun get-gedə milliləşəcək...Heç bir millət tarixən ilk addımında milli darülfununa sahib olmamışdır".
 
Heydər Əliyev 1969-cu ilin noyabrında Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etmişdi.

2019-cu ilin məzunları artıq Milli Universitetimizin və 100 illiyinin qeyd olunduğu Universitetimizin məzunlarıdır. Məzun günüdəki coşğunluqdan bunun şahidi olduq. 

Gecədə yaşanan maraqlı anlardan birini xatırlatmaq yerinə düşərdi: Belə ki, saatlar 19:19-u, yəni universitetin yaranma tarixini göstərən vaxtda papaq atma mərasimi həyata keçirilib. 20:19-da isə universitetin ilk rektoru olmuş Vasili İvanoviç Razumovskinin 100 il əvvəl dediyi sözlər xatırlanıb: “Yaşa, çiçəklən, var ol, Bakı Universiteti!” 

Rektor Elçin Babayev Razumovskinin bu fikrini belə tamamlayıb: “Vasili İvanoviç, ölkəmiz də, universitetin də yaşayıb, çiçəklənib, var olub və demək, hamımız arzumuza çatmışıq”.

Rektor optimistdirsə, demək hər şey yaxşı olacaq. Uğurlar...

Etibar Əliyev, 
Təhsil eksperti