Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 16:57:31
Universitetdən 410 tələbənin diplom almamasına reaksiya: “Tələblərə cavab verməyiblər, lakin…”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ötən illərin məzunları ilə keçirilən görüşdə bildirib ki, bu il ali təhsil müəssisəsinin 2826 məzunu diplom almalı idi. Amma onlardan 2416 nəfəri buna nail olub.

O, bunu ADNSU-nu bitirməyin heç də bura daxil olmaqdan asan olmaması ilə əlaqələndirib.

AzEdu.az bu qədər tələbənin ali təhsil haqqında diplom ala bilməməsinin səbəbini öyrənmək məqsədilə universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, 410 tələbənin ali təhsil haqqında sənəd almamasının səbəblərindən biri diplom işini müdafiə edə bilməməsidir:

“Buraxılış işləri zəif olduğuna görə tələblərə cavab verməyiblər. Bir qisim tələbə isə kəsirləri olduğundan, diplom müdafiəsinə buraxılmayıb.  Onlar kəsirlərini düzəltdikdən sonra, sentyabrda müdafiədə iştirak edə bilərlər. Müdafiə etdikdən sonra isə diplomlarını alacaqlar”.

Qeyd edək ki, Mustafa Babanlı ötən illərin məzunları ilə görüşdə universitetin hər zaman uca tutduqlarına görə ötən illərin məzunlarına minnətdarlığını bildirib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları