Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 11:09:59
Elmi-tədqiqat institutunun işini görən “peşə məktəbi” - “Tələbələrimiz elə  çay istehsal etdilər ki....”  

“İlk dəfə olaraq 2500 ədəd çay şitili becərmişik ki, heç bir elmi-tədqiqat institutunda bu qədəri yetişdirilməyib”

Bu sözləri AzEdu.az –açıqlamasında Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov bildirib. O, yeni yaranan çayçılıq ixtisasından danışarkən bu sahədə atılan uğurlu addımlardan da söz açıb:

“Ölkə başçısının çayçılığın, sitrus və çəltikçiliyin inkişafı ilə bağlı sərəncamına əsasən bu  sahələrə xüsusi diqqət yetirilir. Adıçəkilən bitkilər  Lənkəran bölgəsinə aid olduğundan  Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Lənkəran Peşə Liseyində çayçılıq və sitrus meyvəçilik qruplarının yaradılması ilə bağlı qərar verildi. Bizdə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer qrupları ilə yanaşı yeni yaradılan ixtisaslarda da dərslər  yeni  modullar əsasında keçirilir.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin üzümçülük, meyvəçiliklə bağlı elmi-tədqiqat institutu ilə Lənkəran  peşə lisseyi arasında qarşılıqlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, institutun  Lənkəran çay filialının mütəxəssisləri bizim peşə liseyində dərs keçirlər. Beləcə, tələbələrimiz ixtisaslarını mütəxəssislər tərəfindən öyrənib, daha yaxşı mənimsəyirlər.  Təcrübə üçün  Lənkəran Peşə liseyində çayçılıqla bağlı kiçik bir ərazidə çay kolları da  əkilib. İlk dəfə olaraq, 2500 ədəd çay şitili becərmişik ki, heç bir elmi tədqiqat institutu bu işi görməyib.

“İlk dəfə tədris edildiyi üçün əvvəl maraq az idi”

Açıqlama zamanı Arif müəllim yeni yaranan ixtisasa olan  tələbatdan da danışdı:

“İlk dəfə tədris edildiyi üçün əvvəl maraq az olsa da indi bu sahəyə kifayət qədər tələbat var.  Tələbələrimiz  bu yaxınlarda “Astara çay”da infoturda da iştirak etdilər. İnfoturda onlara  iş də təklif edilib.  Bu ixtisasın ilk dəfə tədris edildiyinə baxmayaraq, tələbələrimiz kifayət qədər təcrübəli və bacarıqlıdırlar.

Tələbələrə, həmçinin, çayçılıqla bağlı biznes prosesini də  sıfırdan izah edirik. Artıq onlar, şəxsi sahələrində şitildən başlayaraq, çayın istehsalına kimi bütün işləri görə bilirlər. Elmi-tədqiqat institutu ilə bağladığımız memoranduma əsasən, tələbələrimiz çay yarpağı da yığıb, çay da istehsal etdilər. Birinci dəfə idi ki, bir peşə təhsil müəssisəsində çay istehsal olunurdu.

Daha sonra bizim çayçı  tələbələr gözəl layihə də hazırlayıblar. Belə ki, bildiyimiz kimi çay bitkisi iqtisadiyyat üçün perspektivli məhsuldur. Onun şitilləri isə ölkəyə Gürcüstandan gətirilir. Tələbələrin layihəsinə biz artıq o şitilləri özümüz yetişdirə biləcəyik. Beləcə, həm çayçılıq inkişaf edər, həm də müəyyən qədər valyuta ya qənaət olar”.

Rəna Nəbi