
İyul 9-da Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu başlayır.
AzEdu.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Rəşad Xanlarov məlumat verib.
Bildirilib ki, yeni Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə (http://bsiic.edu.az/) elektron qeydiyyatdan keçməlidirlər.
Məlumata əsasən, mərkəzə qeydiyyat prosesi iyulun 25-dək davam edəcək.
Rəşad Xanlarovun sözlərinə görə, müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir:
“Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə tapşırıqlar təqdim ediləcək. Müsabiqənin yekun nəticələri avqustun 14-də elan ediləcək”.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq. Artıq mərkəzdə son tamamlanma işləri həyata keçirilir.
Yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
Rəna NƏBİ