
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA Təcrübə-Sənaye Zavodunda “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli 2014-cü ildən etibarən keçirilən fizika-lirika konfranslarının ictimaiyyətdə əks-səda doğurduğunu qeyd edib. Akademik deyib: “Artıq xarici ölkələrin də bu konfransa marağı yaranıb, onlarla əməkdaşlıq edirik. Ötən il Dubnada konfrans keçirmişik. Bugünkü tədbirdə Dubnadan qonağımız var”.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək AMEA-nın belə bir təşəbbüsü gerçəkləşdirməsini təqdirəlayiq hal kimi yüksək qiymətləndirib.
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov məruzə edərək bildirib ki, fiziklərin belə tədbirlərə qatılması elmlərin bir-birinə inteqrasiyanın müasir təzahürünə nümunədir.
Həmçinin Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı “Riyaziyyat və lirika” və Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun Mədəniyyət Evinin direktor müavini Lyubov Oreloviç “Fizika və lirika canlı muzeyi: Dubna” adlı məruzələrlə çıxış ediblər. Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından professorlar Məmməd Əliyevin “Dədə Qorqud” dastanında intellektual şeir”, Tahirə Məmmədin “Ədəbiyyatda texnologiyanın bədii-estetik ifadəsi” və filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəylinin “Xalq şairi Rəsul Rzanın intellektual poeziyası” mövzusunda məruzələri dinlənilib.
Konfransda Mərziyyə Səlahəddinin sözlərinə yazılmış mahnı ifa olunub. AzTV-nin solisti Bəsti Qasımovanın ifa etdiyi mahnını gitarada Nihat Rzayev müşayiət edib. Konfrans digər ziyalıların çıxışları və şeirlərin səsləndirilməsi ilə davam edib.