
Bu yay küləyin sürəti və intensivliyi daha çox müşahidə edilir.
AzEdu.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
M.Həsənovun sözlərinə görə, hazırda müşahidə edilən temperatur iqlim normasından 1-2 dərəcə çoxdur:
“İstilik baxımından hazırkı temperatur iyul üçün xarakterikdir. Amma belə güclü küləyin əsməsi noyabr-dekabr ayları üçün səciyyəvidir. Adətən, noyabr-dekabr aylarında temperaturun aşağı düşməsi şərti ilə belə güclü şimal küləyi əsir. Hazırda da Bakı və Abşeron yarımadasında şimal, şimal-qərb küləyi əsir”.
M.Həsənov güclü küləyin daha çox Bakıda və Abşeron yarımadasında əsdiyini, lakin rayonlarda da hava şəraitinin sərin olduğunu vurğulayıb.
Qeyd edək ki, iyulun 22-dən Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Külək Binəqədidə 2 ağacı kökündən çıxarıb.