
Peşə təhsil müəssisələrində oxuyanlarım dövlət hesabına təhsil, tibbi xidmətdən istifadə, ölkə və beynəlxalq yarışlarda iştirak və s. hüquqlara sahibdirlər.
AzEdu.az “Peşə Təhsili haqqında Azərbaycan Respublikasının Qanun”a istinadən, peşə təhsili sahəsində təhsilalanlara verilən hüquqları təqdim edir.
Xatırladaq ki, bu hüquqlara dövlət tərəfindən zəmanət verilir.
Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq.
Təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsil verənləri, təhsilalma formasını, yarımilliklər üzrə kreditlərin miqdarını, tədris planlarına uyğun olaraq tədris fənlərini və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək.
Şəxsiyyətin alçaldılmasına yönələn hərəkətlərin bütün formalarından, sağlamlığa zərər vuracaq fiziki, mənəvi və psixoloji zorakılıq hallarından qorunmaq.
Təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq.
Tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım və iaşə xidməti ilə təmin edilmək.
Dövlət vəsaiti hesabına yalnız bir dəfə pulsuz təhsil almaq.
Yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq, həmçinin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak etmək.
Peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan infrastrukturdan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək.
Rəna NƏBİ