
Bir neçə gün öncə “AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə ölkənin elmi və ali təhsil müəssisələrindən 24 elmlər doktoru iştirak etdi.
Onların arasından namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilən namizədlər AMEA-nın Rəyasət Heyətinə təqdim edilib.
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Əminağa Sadıqov AzEdu.az-a açıqlamasında AMEA-nın professoru” adının hansı meyarlar əsasında verildiyindən danışıb:
“Elmdə yüksək nailiyyətləri olan və yaşı 50-yə çatmamış alimlər bu adı almağa iddialı ola bilərlər. Əsas meyarlar elmi-pedaqoji fəaliyyət və kadr hazırlığıdı. Həmçinin, həmin şəxslərin yüksək indeksli nəşrlərdə məqalələri olmalı və elm sahəsində uğurlu töhfələrə imza atmalıdılar.
2017-ci ildə ilk dəfə belə seçkilər keçirilib və 12 gənc alimə bu mükafat təqdim olunub. Onların hamısı elmlər doktoru olub.
Bu il keçirilən seçkilər ikinci idi. Namizədlərdən 13-ü seçkilər nəticəsində “AMEA-nın professoru” seçilib”.
Qeyd edək ki, "AMEA-nın professoru" adını almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib. Seçilmiş namizədlər Rəyasət Heyətinə təqdim edilib.
Şükufə Süleymanlı