
AzEdu.az xəbər verir ki, 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu ötən illərdə olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir.
Peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu 5–20 avqust 2019-cu il tarixlərində "ASAN xidmət" mərkəzlərində təşkil ediləcəkdir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsil müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılacaqdır. Müsabiqədə iştirak ödənişsizdir.
Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
Müsabiqənin nəticələrinin 21 avqust 2019-cu il tarixində elan olunması nəzərdə tutulub.