
AzEdu.az xəbər verir ki, 2 avqustda Koreya standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə qəbul prosesinin müsahibə mərhələsi başlayır.
Müsahibədə yalnız 9-25 iyul tarixlərində qeydiyyatdan keçən namizədlər iştirak edə bilərlər.
Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frez dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.
Qeyd edək ki, yeni təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir.
Ən müasir maddi-texniki baza ilə təchiz edilən təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabət qabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.