
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclasda 2019-cu ilin birinci yarısının yekunları, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri, dövlət qulluğuna qəbul və digər cari məsələlər müzakirə edilib.
2019-cu ilin birinci yarısının yekunları ilə bağlı DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, bu dövr ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi təhsilin ümumi və tam orta təhsil səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, rezidenturaya qəbul, orta hərbi təhsil müəssisələrinə qəbul, dövlət qulluğuna və dövlət orqanlarına işə qəbul, eləcə də digər imtahanlarda 500 mindən artıq şəxs iştirak edib. Bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən fasiləsiz olaraq kompleks tədbirlər həyata keçirilib.
Sədr vurğulayıb ki, bakalavriat səviyyəsi üzrə bu il keçirilən yaz və yay qəbul imtahanlarının ümumi nəticələri arasında, ötən il olduğu kimi, elə də ciddi fərq yoxdur. Abituriyentlərin nəticələri arasında orta fərq təxminən 20 bala bərabərdir. Bu da nəticələrin etibarlılığının yüksək göstəricisi kimi qiymətləndirilməlidir.
Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına baxsaq I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır. I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma sayını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərin sayının az olmasına təsir edən amillərdən biri ola bilər. Lakin daha yuxarı bal toplayan abituriyentlərin sayının az olması onların ali təhsil müəssisələrinə yerləşdirilməsinə hər hansı mənfi təsir göstərməyəcək.
Daha sonra abituriyentlərin ixtisas seçiminə toxunan sədr bildirib ki, I və IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların sayı 46814 nəfərdir və hələlik təsdiq olunmuş ərizələrin sayı isə 32202-dir. V ixtisas qrupu üzrə 4623, subbakalavrlar üzrə isə 6925 ərizə təsdiq olunub (qeyd olunan statistik məlumatlar 31 iyul saat 14.00-a aiddir). Bu prosesdə abituriyentlərə ödənişsiz əsaslarla kömək göstərilən abituriyent məsləhət mərkəzlərinin fəaliyyəti də qənaətbəxş hesab olunub.
İclasda digər aktual məsələlər də müzakirə edilib.