
Azərbaycanın ali təhsil müəssisələrinə proqram təminatı lisenziyaları ödənişsiz təqdim olunacaq.
AzEdu.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə ali məktəblər üçün təşkil olunan tədbirdə Azərbaycanın bir çox təhsil ocaqlarının İT mütəxəssisləri iştirak ediblər. Tədbir zamanı təhsilə aid məhsullar barədə ətraflı məlumat verilib, sual-cavab sessiyası keçirilib.
Qeyd edək ki, “AzInTelecom” tərəfindən ödənişsiz təqdim edilən bu lisenziyalardan istifadə ali təhsil müəssisələrində İT sistemlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə şərait yaradacaq.
Nazirlik ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə Microsoft şirkəti ilə əməkdaşlıq edir. AzInTelecom MMC Microsoft-la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir.
Saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.