Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 18:00:00
“Namizəd sayı vakant yerlərin dolması üçün kifayət edəcək” - Nazir müavini

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün başlayıb. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2050namizədin iştirakı nəzərdə tutulub.

İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq.

“İlk dəfə bu il müsabiqəyə 500 vakant yer çıxarılıb. Əminik ki, namizəd sayı vakant yerlərin doldurulması üçün kifayət edəcək”.

AzEdu.az xəbər verir ki, bu sözləri imtahan prosesini izlədikdən sonra mediaya açıqlaması zamanı  təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O, direktor vəzifəsinə işə qəbul müsabiqəsinin qaydalarından söz açıb. Bildirib ki, direktorların  işə qəbulunun keçirilməsi və mövcud qaydalara dəyişiklik edilməsi ilə bağlı Təhsil Nazirliyinin 8 iyul, 2019-cu il tarixli əmrinə əsasən, 13 – 19 iyul tarixlərində ərizə qəbuluna start verilib:

“Elektron ərizə qəbulunda ölkə üzrə 3 403 müraciət qeydə alınıb. Sənədlər yoxlanıb elektron ərizələr təhlil olunduqdan sonra 2054 nəfər imtahana buraxılıb. Bundan sonrakı mərhələ imtahan nəticəsinə əsasən, vakansiya seçimi, IV mərhələ isə müsahibə və yerləşdirmədir. Builki dəyişikliyə görə, müsahibə mərhələsinə buraxılan və vakansiya seçimində iştirak edəcək namizədlərin keçid balı ümumi imtahan balından sonra müəyyənləşdiriləcək.

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, müasir idarəetmə bacarıqlarına malik direktorlara üstünlük verilir. Direktor olmaq istəyənlərin həm də ictimai nüfuzu, onlar haqqında formalaşmış ictimai rəy də nəzərə alınır”.

Nazir müavini direktor vəzifəsinə işə qəbul statistikasına da nəzər salıb:

“2015-ci ildə ölkə üzrə direktor vəzifəsinə 235, 2016-cı ildə 208, 2017-ci ildə isə 195 nəfər qəbul edilib. Ötən il müsabiqəyə 700 vakansiya çıxarıldı. Bu qədər vakant yerə 256 nəfər qəbul olundu. Bu il isə ilk dəfə olaraq müsabiqəyə 500 vakant yer çıxarılıb. Əminik ki, namizəd sayı vakant yerlərin doldurulmasına kifayət edəcək”.

Məhəbbət xanım bildirib ki, imtahanın məhz bu formada keçirilməsi həm direktorluğu insanlar üçün əlçatan etmək, həm də imtahanı şəffaf və çevik keçirməyə xidmət edir.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər/

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları