Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 10:42:00
Göstəricisi ilə rekorda yaxınlaşan direktor namizəd: “Pulsuz məşğələlər keçəcəyəm və…”

Bu gün dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizəd iştirak edib.

İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunub.

Nəticələrə görə, yüksək balla fərqlənənlərdən biri də Bəxtiyar Mahmudov  olub. Mingəçevir şəhər S.Vurğun adına tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Bəxtiyar müəllim bu mərhələdə 49 bal toplayıb.

“Bir problemli suala rast gəldim”

O, AzEdu.az-a açıqlamasında  imtahan zamanı həyəcanlı olduğunu gizlətməyib:

“Çox həyəcanlı idim. Namizədlər imtahan zalına sıra ilə daxil olurdular. Həyəcanlı olduğuma görə, sonuncu sıralarda dayandım.

Düzü, çətinlik çəkdiyim sual olmadı. Sadəcə, mənə qaranlıq qalan məqam hansı sualları yanlış cavablamağımdır. Çünki özümdən 52-55 bal gözləyirdim, amma 49 topladım. Testlər sırf oxuduqlarımı əhatə edirdi. Çox oxumuşdum, zəhmətimin bəhrəsini gördüm. Test imtahanı məni tam qane etdi. Yalnız bir problemli suala rast gəldim, Əmək Qanunvericiliyinə aid idi.

Ümumiyyətlə, oxuyan insan zəhmətinin bəhrəsini görür. Növbəti illərdə imtahan verəcək şəxslərə demək istəyirəm ki, kənar fikirləri önəmsəməyib, yalnız oxusunlar”.

“Şagirdlərə pulsuz məşğələlər keçirdim”

“Mingəçevirdə 3 vakant məktəb var. Məni onlardan hansına uyğun bilsələr, ora təyinat almaq istəyərəm.

Direktor olmaqda məqsədim isə nəticələrini  şəhər üzrə IX sinif buraxılış imtahanlarının nəticələrini yaxşılaşdırmaqdır.

Bir müddət İmişli rayonu Buludlu kənd orta məktəbində riyaziyyatı tədris etmişəm. O vaxt direktor IX sinif buraxılış imtahanının nəticələrini yüksəltməyi qarşıma vəzifə qoymuşdu. Mən bu vəzifəyə nəyin bahasına olur – olsun, nail olmalı idim. Uşaqlara pulsuz məşğələlər keçirdim. Bu müddətdə direktor, valideyn – hər kəsin etibarını qazandım.

İşləyəcəyim məktəbdə də qarşıma bu vəzifəni qoymuşam. Bilirəm ki, respublika üzrə riyaziyyat fənn nəticələri ürəkaçan deyil. Nə yolla olur- olsun,  bu nəticələri yüksəltməliyəm. Lazım gəlsə, direktor işləyə - işləyə yenə də uşaqlara təmənnasız kömək edəcəm”.

“Əsas odur, direktor öz müavinlərə inansın”

Gələcək planlarına gəlincə isə o, müəllim–şagird münasibətlərindən söz açıb:

“Əsas odur, direktor öz müavinlərə inansın, müavinlər də zəhmətkeş olsun. Direktor olsam, əsas təlim-tərbiyə məsələlərinə fikir verəcəm. Müəllimlərin şagirdlə davranışına diqqət edəcəm. Bəzən müəllim məktəbli ilə yaşına uyğun davranmır. Direktor olaraq bunu nəarətdə saxlayacam. Uşaqla yaşına uyğun davranmalısan ki, səninlə nalayiq hərəkət etməsin”.

Qeyd edək ki, Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları