
“…Bu halda, diplomlu işsizlərin sayı çoxala bilər”
AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı ləğv edilən ixtisaslardan danışarkən deyib. O bildirib ki, bu müəssisələrdə kadr hazırlığı əmək bazarına uyğun olaraq, işə götürənlərin tələbi əsasında təşkil edilir. Əks halda, diplomlu işsizlərin sayı çoxala bilər:
“Ötən il qəbul prosesində 168 ixtisas var idisə, bu il həmin say 145-dir. Halbuki, ilk qəbul ilində bu rəqəm 176 idi. 168 ixtisasdan 23-nün yeni olduğunu nəzərə alsaq, bir çoxunun ləğv edildiyini görərik.
Dövrün tələbinə uyğun yeni ixtisaslar yaransa da, bəziləri tarixə qovuşur. Bunlara kompüter operatoru ixtisasını nümunə göstərmək olar. Bu gün demək olar, hər kəs kompüterlə işləməyi bacardığına görə, bu ixtisasa ehtiyac qalmayıb. Ona görə də kompüter operatoru ixtisası ləğv edilib”.
Qeyd edək ki, ötən illərdə olduğu kimi bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Peşə təhsili müəssisələrinə ərizə qəbulun 5–20 avqust 2019-cu il tarixlərində “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsil müəssisələrində sənəd qəbulu ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Rəna Nəbi