Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 17:00:00
I və IV qruplar üzrə Respublika birinciləri AzEdu.az-a danışdılar: “Ən yüksək nəticəni biz göstərdik, amma...”

“Ənənəvi metodla imtahan verib 700 bal toplamış olsaydım, əminəm ki, məndən başqa da maksimum nəticə göstərənlər olacaqdı. Hazırda isə vəziyyət fərqlidir: ən yüksək nəticəni mən göstərmişəm”.

Bu sözləri AzEdu.az-a I ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən Əsmər Hacızadə deyib. O bildirib ki, sınaq imtahanlarında da hər zaman nəticəsı 670-dən yüksək olub:

“Buna görə də, yüksək bal toplayacağımı əmin idim. Sadəcə, bu il ali məktəblərə qəbul qaydaları dəyişdiyi üçün daha az bal toplayacağımdan qorxurdum. Nəzərdə tutduğum balı topladığımı biləndə çox sevindim.

Cəmi 2 sualda səhv etmişəm. Onlardan biri heç bilmədiyim sual idi, digərində isə diqqətsizlikdən səhvə yol verdim.  

Abituriyent vaxtı həm ənənəvi, həm də kurikulum standartları əsasında hazırlanan sınaq imtahanlarında iştirak etmişəm. Ənənəvi ilə müqayisədə indiki metodla imtahan vermək, hazırlaşmaq daha çox vaxt tələb edir”.

“Təhsilimi xaricdə davam etdirmək istəyirəm”

Həmsöhbətimiz həmçinin gələcəklə bağlı planlarını da bizlə bölüşdü:

“Bu il 700 bal toplayan olmasa da, əvvəlki illərlə müqayisədə 500-dən yuxarı toplayanların sayı  çoxdur.  Bu da ümumi nəticəyə ciddi təsir edir. Bundan əlavə, əzbərçiliyi aradan qaldırdığı üçün məncə yeni metod (red:kurikulum) daha yaxşıdır. Əvvəlki metodla 700 bal toplasam belə əminəm ki, məndən başqa da maksimum nəticə göstərən olacaqdı. Hazırda isə vəziyyət fərqlidir: ən yüksək nəticəni mən göstərmişəm.

Bakı Ali Neft Məktəbində İnformasiya Təhlükəsizliyi üzrə təhsil almaq istəyirəm. İlk 5 ili orada oxuduqdan sonra magistratura təhsilini xaricdə almaq istəyirəm”.

“Ənənəvi metodla 700 bal da toplaya bilərdim”

Bu sözlər IV ixtisas qrupu üzrə ölkə birincisi Təhmin Muradova aiddir. O, ali təhsil müəssisələrinə yeni metodla qəbul şərtlərini daha əlverişli hesab edir:

“Yüksək nəticə gözləsəm də, IV ixtisas qrupu üzrə ölkə  birincisi olacağıma inanmırdım. Təxminən, 680-700 arası bal toplayacağımı hesablamışdım. Nəticələr elan olunanda belə birinci olduğuma inanmadım. Kiminsə daha yüksək topladığını düşünürdüm. Yüksək nəticə əldə etdiyim üçün çox sevincliyəm. Ali təhsilimə gəldikdə isə, Azərbaycan Tibb Universitetində Müalicə işi üzrə təhsil almaq istəyirəm.

Bu il 700 bal toplayanın olmaması, məncə, əksəriyyətin yeni metodlara yad olması ilə bağlıdır. Zamanla kurikulum tam mənimsənildikdən sonra “700-lər”in sayının artacağına əminəm. Məncə, kurikulum metodu ilə bacarıqlı şagirdlər daha yüksək nəticə əldə edə bilərlər”.

 Rəna NƏBİ