Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 11:42:00
“Beynəlxalq yarışa maraq çoxdur, uğurlarımız getdikcə yaxşılaşır” –Ceyhun Bayramov

"Ölkəmizdə beynəlxalq yarışlara önəm verilir.  Seçim turlarının bu  olimpiadaya uyğunlaşdırılması fonunda tədbirlər həyata keçirilib".   

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən Beynəlxalq İnformatika Olimpiadasının açılışına həsr olunan mətbuat konfransında deyib.

Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb:

"47-ci  Beynəlxalq Kimya Olimpiadası da ölkəmizdə  keçirilib. Azərbaycan  bu yarışda 2 medal qazanıb. Ümumiyyətlə , Beynəlxalq İnformatika Olimpiadası 30 illik tarix müddətində uzun  yol keçib. İlk dəfə Bolqarıstanda  keçirilən Beynəlxalq İnformatika Olimpiadasında 13 ölkə iştirak edib. Builki yarışda isə  37 ölkə iştirak edəcək. 600-dən  çox xarici qonaq dəvət edilib . Ölkəmizdə beynəlxalq yarışlara önəm verilir. Seçim turlarının bu  olimpiadaya uyğunlaşdırılması fonunda tədbirlər həyata keçirilib.

Yarışa marağın çox olduğunu görürük.  Bu il yarışın seçim turunda 558 şagirdimiz iştirak edib. Onların çoxu  Beynəlxalq Olimpiya Mərkəzində hazırlıqlara cəlb olunaraq,  seçim turunda iştirak ediblər.

Şagirdlərimiz Polşa, İran və digər ölkələrdə məşq mərhələsindən keçib, yarışın hazırlıqlarına xarici mütəxəssislər cəlb ediliblər".

Nazir qeyd edib ki, bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar:

“4 fəndən azərbaycan şagirdləri ölkəyə medallarla qayıdıblar. İnanıram ki şagirdlərimiz vətəndə də bizi sevindirəcəklər”.

Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını da jurnalistlərin diqqətinə çatdırıb.                                 

Qeyd edək ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları