
Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) ev sahibliyi edir. Olimpiadanın iştirakçıları avqustun 4-dən Bakıya gəliblər.
AzEdu.az xəbər verir ki, avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.
Yarışın təşkili barədə keçirilən mətbuat konfransında isə rəsmilər jurnalistlərin suallarını cavablayıblar.
ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafız Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib.
O, ADA Universitetinin informasiya texnologiyaları siyasətindən, bu yarışa qatqısından söz açıb:
"2013-cü ildə informasiya texnologiyaları ilə bağlı fakültə yaradılıb, tədris yüksək səviyyədə həyata keçirilir. ADA Universiteti bu istiqamətdə xeyli məzunlar yetişdirib. Tələbələrimizə ümid çoxdur"
Jurnalistlərə bildirilib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.
Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru “Acer” in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.