Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 13:02:00
Övladlarınızın uşaqlığını əllərindən almayın!

Ulu öndərimiz çox gözəl söyləmişdir: “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə xalqımıza, ölkəmizədəyərli vətəndaşlar hazırlamaqdır.Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.

“Azərbaycan Respublikasının təhsil sahəsində Dövlət Strategiyası”nda qeyd olunduğu kimi, “Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir”. Bu strateji istiqamətlər təhsil sahəsindəki islahatçılıq fəaliyyətimizin metodoloji əsasını təşkil edir. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının müasir tələblər səviyyəsində aparılmasına imkan yaradır.

 İnsanların maariflənməsi  üçün qeyd etmək və xüsusi vurğulamaq  istərdim: Təhsil öyrənmənin, bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər  qazanılmasının asanlaşdırılması prosesidir.

Bu prosesi keyfiyyətli və nəticəyönümlü etməyin ən gözəl metodikası  əyləncəli şəkildə, oyunlara çevirərək öyrətmədir. Azərbaycanda  standartlar yazıldıqda bütün fənlər üzrə şifahi nitqin inkişafı əsas götürülüb. Səbəb gələcək nəslin səlis danışıq bacarığının olması, sərbəst fikirlərini ortaya çıxara bilməsidir.

Hekayə qurub danışma, müzakirə edərək öyrətmə və öyrənmə, təlim vermə və araşdırma, analiz-sintez edə bilmə bacarıqlarının təməli  məhz 4-15 yaş aralığında  qoyulur.  Əsasən təhsilverənin (müəllimin)  bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri  özlərinə də təhsil verə bilərlər. Yəni artıq illərdir aparılan müşahidə və proseslər zamanı sübuta yetrilmişdir ki, uşaq uşaqdan daha tez öyrənir. Uşaqların kəşf etmə bacarığı böyüklərdən daha yüksəkdir.

Son günlərdə ardıcıl eşitdiyim bir məqam məni bu haqda yazmağa məcbur etdi.

Müraciətim  müəllimlərə, təhsil ocağı rəhbərlərinə, təhsilin içində olub pedaqogikadan məlumatı olmadan insanlarda Azərbaycan təhsil çətinləşdirildi fikrini yaradanlaradır!

1999-cu ildə  II  kurs tələbəsi olduğum zaman müəllimim - Pedoqoji Elmlər doktoru, Professor,  mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alim Fikrət Seyidovun mühazirəsindən,  həyatımız üçün mühüm, gələcəkdə peşəkar bir müəllim olmamıza yalnız bunun kömək edəcəyini  söyləyərək qeyd etdirdiyi kiçik bir parçanı nəzərinizə çatdırmaq istəyirəm:

Öyrətmənin metodologiyasına pedaqogika deyilir.

Pedaqogika - tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm deməkdir.   «Pedaqogika» sözü iki yunan sözündən ("payda" və "qoqos") əmələ gəlib, hərfi mənası «uşaq ötürən» deməkdir. O, tərbiyə haqqında elmdir.

Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun əsas mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır, o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir.

Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünəməxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. anlayışlar daxildir.

Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir-birindən ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə — eyni məqsədə xidmət edən vahid proses kimi çıxış etdikdə keyfiyyətli təhsil əldə olunur.

Tərbiyə isə  biz insanların şəxsiyyətinin məqsədyönlü formalaşması və inkişafı prosesi və nəticəsidir. O, iki mənada - geniş və dar mənada istifadə edilir.

Geniş (sosial) mənada tərbiyə - təcrübənin yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların  gənc nəslə verilməsidir.

Bu halda tərbiyə bizlərə sosial həyatın təsirlərini, tərbiyə, təhsil və təlimi özündə birləşdirir.

Dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin (eləcə də təlim və təhsilin) mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi başa düşülür.

Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir.

Yenidəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. Təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir.

Təhsil almağın əsas vasitəsi təlimdir.

Əziz valideynlər, gözəl analarımız,  Azərbaycan vətəndaşları! Kor-koranə hara gedirsiz belə?! 

Əziz analar!  Övladlarınızın uşaqlığını əllərindən almayın! İmkan verin körpəlik, uşaqlıq dövrlərini uşaq kimi yaşasınlar. 
Son 50 gündə təxmini 900-ə yaxın valideynlə ünsiyyətdə oldum. Həqiqətən doğru deyiblər, qulaq gündə bir söz eşitməsə kar olar. Bildiyimiz kimi bir çox məktəb liseylərdə qəbul prosesi aparılır. Axır zamanlarda eşitdiklərimə bilmədim gülüm, ya ağlayım. Çox qısa bir zamanlıq təhsil sahəsində  fəaliyyətdə olan  bir qurum valideynə  bildirir ki, sizin 4,5-5 yaşındakı övladınız hazırlıq qrupuna uyğun deyil, hazır deyil. 5 yaş hazırlıq qrupuna uşaq əlifbanı bilərək və həmin dildə ünsiyyət quraraq qəbul edilir. Dili bilmir onu bağça qrupuna qəbul edək, ingilis dilini öyrədək. Hazırlaşsın sonra baxarıq. Həqiqətən bu tələb və təklif  hansı təhsil standartına uygundur?!  Axı, təhsil almağın əsas vasitəsi təlimdir.

Əqli geriliyi olmayan, fiziki və psixoloji sağlam olan bir uşaq haqda bunu necə demək olar?! Və ən əsası da valideynin gözünü qorxudaraq məlumatsızlığından istifadə edərək, qeyri-peşəkarcasına təhsildən xəbəri olmadan bu cür fikir söylərək insanlarda Azərbaycan təhsili haqda  mənfi rəy necə yaradıla bilər?! İnsanlar artıq kitab və təhsilimizdən qorxurlar. Təşviş içində “artıq gecikmişik hazırlığa, 3 yaşından başlamaq lazım imiş” deyərək, 3 yaşlı uşağa əlifba, 100 dairəsində ədədlər öyrətməyi planlaşdırır, ətrafına məsləhət verir. Və hətta ən gülünc olanı isə odur ki, 5 yaş hazırlıq qrupu şagirdini dövlət məktəbinə qəbul edərkən valideynə irad bildirilir ki, “vurma cədvəlini bilmir, bu nədir, hələ deyirsiz özəl liseyə gedib, hazırlıqlıdır”.

Bu fikirləri eşidib sakit durmaq olmur həqiqətən də. Nə gəlirsə insanların başına savadsızlıq, avamlıq və məlumatsızlıqdan gəlir. Hansı qanunda yazılıb ki, 5 yaşlı uşaq hazırlıq qrupuna imtahan verməlidir?!  Vurma cədvəli bilməlidir?!  Bu cür yanaşma və təhsildən xəbərsiz yenilik arzusu ilə fikirlər irəli sürmək yalnız və yalnız heç nədən xəbərim yoxdur deməkdir! Yəqin həmin məktəblər 1-ci sinifdə ali riyaziyyat tələb edəcəklər. 
Axı bu yaş dövrləri istənilən uşağın ən gözəl, ən inkişaf edən vaxtıdır. Valideynə bildirdim ki, bəs siz niyə demədiniz ki, üzrlü sayın bilmirdim ki, ana bətnində bütün bunları öyrədib dünyaya gətirməliydim!
Bu qədər informasiyanın bol olduğu dövrdə yenə də aldatmaq üçün hər yola əl atılmasını heç bir azərbaycanlıya yaraşdırmıram. Bununla uğura getmək olmaz. İlk növbədə hər bir təhsil ocağının rəhbərinin özünün təhsildən xəbəri olmalıdır. İngilis maketlərindən istifadə edib insanları aldatmayın. Britaniyaya Azərbaycandan gedən 5 yaşlı uşağa heç vaxt deyilmir ki,  dilimizi bilmirsə 3 yaş qrupunda yerləşdirək.

Müraciətim isə dediklərimlə bağlı məlumatsız olan valideynlərədir. Təhsil Nazirliyinin edu.gov.az saytı var. Olmazmı ki, sizlər orada yerləşdirilən hər yaş uşaqda formalaşdırılmalı olan illik təlim naliyyətləri ilə tanış olasınız. Məlumatlı olduqda bu cür aldanmalara yol verməyəcəksiz. Qeyri-peşəkar biri ancaq 5 yaşlı uşağın hazırlıq qrupuna hazır gəlməli olduğunu və imtahanla qəbulunu söyləyə bilər. Adından da göründüyü kimi, 5 yaş məktəbə hazırlıq dövrü kimi qeyd edilir. 3 yaşında uşağı məcbur etməklə nə əldə ediləcəkdir?! Bu savadlı, bacarıqlı bir şəxsiyyətin yetişməsinə deyil, psixoloji durumu, ruh halı pozulmuş, gələcəkdə uşaqlığın nə olduğunu bilməyən bir insanın yetişdirilməsi deməkdir. Və düşünün, bu yüklənmə ilə gələcək nəsil nə vəziyyətdə ola bilər. 20-30 il sonranı düşünərək cəmiyyətimizə faydalı insan, şəxsiyyət yetişdirək. 5 dəqiqə ayırıb keçmişinizə səyahət edin. Övladınız sizin oynadığınız oyunları bilmir, məlumatı yoxdur. Uşağın həyatı çərçivəyə salınaraq böyüdülür. Səhər tədris məşğələləri, sonra idman növü ilə məşğul olma və yekunda günün yarısı yollarda keçir. Qonşumdan geri qalmayım fikrilə addımlayır bəzi insanlar. Bəs düşünmürsünüzmü, bu uşaq gün ərzində həyətdə normal uşaq kimi qaçıb oynadımı, böyüyəndə bir xatirəsi olacaqmı övladına danışmağa?! Uşaq olmanın xoşbəxtliyini yaşayırmı övladım?  Bu sualı hər bir valideyn özünə verməlidir.

Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər təhsil uşaqların fiziki, psixoloji, idrakı və sosial inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının qorunması və estetik inkişafında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

Əslində  övladınıza gərəkli olan budur.

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

Axan çaylar, sən kiminsən? – Mənə körpü salanın!  
Doğan günəş, sən kiminsən? – Məndən işıq alanın!  
Sonsuz fəza, sən kiminsən? – Mənə qanad çalanın!  
Həyat, söylə, sən kiminsən? – Mən həyatı öyrənənin, bacaranın, alanın!  

                                                                                                      (Cəfər Cabbarlı) 
Sevinc Vaqif qızı Əliyeva

Müasir İnnovasiyalar Liseyinin direktoru (MİL)