Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 12:32:00
“Məqsədimiz olimpiada proqramını bilən müəllimlər yetişdirməkdir, ona görə də...” – Təhsil naziri

 Bu gün ADA Universitetində Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan mətbuat konfransı keçirilib.

AzEdu.az xəbər verir ki,  konfransda Təhsil naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablayarkən bölgə məktəblərinin beynəlxalq olimpiadada iştirakı üçün  görülən tədbirlərə də toxunub:

“Təhsil Nazirliyi olaraq bizi geniş təmsilçilik maraqlandırır. Bunun üçün əlimizdən gələni edir, Rayon Təhsil Şöbələri ilə  işləyirik. Respublikanın olimpiadaları beynəlxalq olimpiada ilə müqayisədə daha çox istiqamətlidir. Çünki ölkə ərazisində Azərbaycan dili, coğrafiya, tarixdən də olimpiada  keçirilir.  8 fənn üzrə respublika turunacan yüksələn şagirdlər 52 rayonu təmsil edirlər.

Beynəlxalq olimpiadada bölgələrin təmsil olunması üçün ölkənin  15 regionunda 60 pilot sinfin açılması və tədris  məzmununun  beynəlxalq olimpiada proqramlarına uyğun  həyata keçirilmısi nəzərdə tutulub. Respublika fənn  olimpiadaları daha aşağı yaş qruplarında həyata keçirilir. Məqsəd  onların istedadını müəyyən etməkdir. Qeyd edim ki, beynəlxalq olimpiada  qaliblərinin çoxu respublika yarışlarından çıxan şagirdlərdir".

Ceyhun Bayramov  "istedadlı müəllim" müsabiqəsinin bölgə təmsilçiliyinə müsbət təsirindən də söz açıb:

 "Məqsəd olimpiada proqramını bilən müəllim yetişdirməkdir. Hər fənn üzrə  20-ə yaxın ən yüksək nəticə göstərmiş müəllimləri bölgələrə göndərdik. Onlar bölgələrdə olimpiadaya mini hazırlıq funksiyası yerinə yetirirlər. Bu, şagirdlərin beynəlxalq olimpiada iştirakı üçün zəmin yaradır"

 Qeyd edək ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları