
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) qrant proqramı çərçivəsində 2020-ci il üçün qrant layihələri və ölkə üzrə “KOICA CIAT” proqramı ilə bağlı seminar keçirilib.
AMEA-dan AzEdu.az-a bildirilib ki, Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda təşkil olunan təlim proqramına 6 ölkədən müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndələr qatılıblar. “Texnologiya parklarının planlaşdırma və inkişafı siyasəti: Texnologiyanın transferi və kommersiyalaşdırılması“ üzrə təlim proqramında AMEA-nın Yüksək Texnologiyalar Parkının Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Elşən Əliyev və həmin şöbənin baş mütəxəssisi İsa Həsənzadə iştirak edirlər.
Seminarda müvafiq dövlət qurumlarından əlaqədar şəxslər üçün KOICA aralıq sektoral strategiyası və Azərbaycan ilə Koreya arasında olan ölkə tərəfdaşlıq strategiyasının prioritet sahələri, Koreya Respublikasının inkişaf yardımı siyasəti, KOICA qrant yardımı layihələri və təlimləri üzrə administrativ prosedurlar, həmçinin layihə konsepsiya sənədi və “KOICA CIAT” proqramı konsept sənədlərinin doldurulmasına dair təqdimat nümayiş olunub.
Həmçinin AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti, burada istehsal olunan yüksək keyfiyyətli, elmtutumlu və innovativ məhsulları barədə təlim iştirakçılarına ətraflı məlumat verilib. Qurumun çoxşaxəli fəaliyyəti Koreya Respublikasının ekspertləri və digər ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Seminar avqustun 15-dək davam edəcək.