
Bu gün Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılış mərasimi baş tutub.
BİO-da Azərbaycanı təmsil edən 4 təmsilçidən biri İbrahim Tağızadə AzEdu.az-a açıqlamasında müsabiqə ilə bağlı təəssüratlarını bildirib:
“Müsabiqə ilə bağlı təəssüratlarım çox müsbətdir. Təşkilatçılıq yüksək səviyyədədir. Hazırlıq və sınaq müddəti yaxşı keçdi. Fikrimcə, medal qazanmaq şansımız yüksəkdir. Çini özümə əsas rəqib hesab edirəm. Oranın şagirdləri çox savadlı olurlar. Çinlə yanaşı, Rusiya da güclü rəqibdir. Eyni zamanda, Amerika və İranı da güclü rəqib hesab etmək olar".
Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər. Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verəcək.