Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 12:29:00
Beynəlxalq olimpiadadakı təmsilçimiz: “Bizdəki orta məktəb proqramından yalınız səthi biliklər ala bilərik”

“Ölkəmizdə digər fənlərə - kimya, biologiya, fizikaya daha çox diqqət edirlər. Ona görə də, şagirdlərimiz bu fənlər üzrə çox uğur qazanırlar. İnformatikada isə belə deyil”.

AzEdu.az xəbər verir ki, bu sözləri ölkəmizi Beynəlxalq İnformatika Olimpiadasında təmsil edən 8 məktəblidən biri Murad Eynizadə deyib. O, Fizika Riyaziyyat İnformatika Təmayüllü Respublika Liseyinin X sinfində təhsil alır. Müsabiqədən gözləntilərindən danışarkən çətin hazırlıq proseslərindən söz açıb. Bildirib ki, olimpiadaya uzun müddətdir, hazırlaşırlar:

“Bu yarışda keçən il də iştirak etmişəm. Amma o vaxt uğur qazana bilmədim. Bu il isə ölkəmizdə keçirildiyinə görə, Təhsil Nazirliyi hazırlıqlara xarici mütəxəssisləri də cəlb edib. Keçən ilin təcrübəsi ilə ən azından bürünc medal qazanacağıma əminəm.

Ümumiyyətlə, 3 ildir, olimpiadaya hazırlaşıram. Əvvəl öz məktəbimdə, müəllimlərimlə hazırlaşırdım. Respublika İnformatika Olimpiadasında medal qazandıqdan sonra isə Təhsil Nazirliyinin təşkil etdiyi dərslərdə iştirak hüququ qazandım. Müəllimimiz Rəşad Məmmədov bizə təlim keçdi.

Hazırlıq üçün xarici mütəxəssislər gətirilib. Amma özümüz də Rusiya, Polşa kimi ölkələrdə dərslərə qatılmışıq”.

Murad Eynizadə Amerika, Çin Rusiya təmsilçilərini ən güclü rəqibləri hesab edir:

“Amma bizim də uğur qazanmaq şansımız var. Sadəcə, ölkəmizdə digər fənlərə - Kimya, Biologiya, Fizikaya daha çox diqqət edirlər. Ona görə də, şagirdlərimiz bu fənlər üzrə daha çox uğur qazanırlar. İnformatikada isə belə deyil”.

Təmsilçimizin sözlərinə görə ölkəmizdəki orta məktəb proqramı Beynəlxalq İnformatika Olimpiadasına yalnız giriş üçün kifayət edir:

“Digər ölkələrin orta məktəblərində bu fənn barədə daha geniş məlumatlar verilir. Bizdə isə orta məktəb proqramı bu fənn barədə yalnız səthi məlumat almaq üçün kifayət edir.

Bu olimpiadaya hazırlıq üçün xüsusi bir yerli ədəbiyyat yoxdur. Amma vacib mənbələr dilimizə tərcümə olunub. Tərcümələrdən yararlanırıq. Bəzən çətinliklə də olsa, ingilis ədəbiyyatından istifadə edirik”.

Qeyd edək ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları