
Bu gün Azərbaycanda keçirilən Beynəlxalq İnfortmatika Olimpiadasının ilk günü baş tutub.
Azərbaycanda ilk dəfə təşkil olunan olimpiadada iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.
AzEdu.az xəbər verir ki, Beynəlxalq İnformatika Olimpiadasının I turunda 300 mümkün balı toplayan şagirdin adı məlum olub. Bu barədə təhsil eksperti Etibar Əliyev öz feysbuk hesabında məlumat verib. Bildirib ki, bu, Amerikanı təmsil edən çinli Benjamin Gi-dir.
İkinci yerdə 272 balla Vyetnamlı Phuc Trinh Huu-Gia, üçüncü yerdə 264 balla Rusiyalı Eldar Qaimullin, dördüncü yerdə 264 balla çinli Ziqan Zhong, beşinci yerdə 250 balla Litvalı Gediminas Lelesius, 6-cı yerdə isə 240 balla Gürcüstanlı Nikoloz Birkadze qərarlaşıb.
Qeyd edək ki, yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.
Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib.
Əsas yarış Milli Gimnastika Arenasında həyata keçirilir.
Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.