
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) imtahan verənlərə dəstək vermək məqsədilə yeni layihəyə start verib. Layihə çərçivəsində psixoloji maarifləndirmə və dəstək xidməti verilir. İmtahanlarda iştirak edənlər imtahanlardan əvvəl, hazırlıq prosesində və imtahanlardan sonra 1653 qaynar xəttə zəng vuraraq 2 düyməsini basmaqla psixoloqlarla əlaqə yaradıb onlarla psixoloji xarakterli söhbətlər edə, öz qayğılarını paylaşa, eləcə də stressin və kənar təzyiqlərin idarə olunması, məqsədlərin aydınlaşdırılması və digər mövzularda məsləhətlər ala bilərlər.
Xidmət həftə içi hər gün (bayram günləri istisna olmaqla) saat 09:30-dan 17:30-a qədər fəaliyyət göstərir.
Dövlət İmtahan Mərkəzinin psixoloji xidmətinin nümayəndəsi, psixoloq Pərviz Kazımov AzEdu.az-a imtahana hazırlaşan abituriyentlər üçün psixoloji hazırlığın önəmindən danışıb:
“Abituriyentlər üçün psixoloji hazırlıq çox önəmlidir. Bu, bizim lahiyələrdən biridir. Həm də strateji əhəmiyyəti olan lahiyələrdən biridir. Araşdırmalarımız, müşahidələrimiz nəticəsində belə qənaətə gəldik ki, həqiqətən də psixoloji xidmətə ehdiyac var. Nəyə görə psixoloji xidmətə ehdiyac olduğunu düşünürük? Çünki bilirsiniz, biz qərar verəndə beynimizlə, beynimizdəki məlumatlarla, informasiya ilə qərar veririk. Və o informasiyanın təməlində duran bizə ilk baxışdan görmədiyimiz, fərqinə varmadığımız proqramlar var. Bu proqramlar bizim inamlarımızdır, bizim dəyərlərimizdir ki, bunların əksəriyyəti təhsil prosesində yox, ailədə formalaşır, sosial mühitdə formalaşır. Biz nə qədər yaxşı təhsil alırıqsa alaq, o təhsil nəticəsində aldığımız informasiyanı bizim beynimizdə formalaşdırdığımız dəyərlər, inamlar idarə edir. Yəni qərarları onlar verir. Ona görə belə çıxır ki, inamlar, inamsızlıqlar, dəyərlər, bizim münasiblərimiz, ünsiyyət qabiliyyətimiz, bunların hamısı daha fundamental proqramlardılar. Və biz əsasən insanlara korreksiya verməsək, onların düzəlişini həyata keçirməsək, onların həyatda düzgün qərar verməsi çətinləşər. Söhbət yeniyetmələrdən gedir və onlar üçün daha çətindir”.
Pərvin Kazımov qeyd edib ki, birincisi yeniyetmələrin orqanizmində sürətli dəyişikliklər baş verir və onların bir çoxu bunun fərqində deyillər ki, nə baş verir.
“Uşaqlıqdan yetkinliyə keçiblər. Sadəcə olaraq ailədə və ya məktəbdə müvafiq maarifləndirmə işi aparılmayıbsa, onlar həyatlarında nə baş verdiyinin fərqinə varmırlar və bu aqresiya ilə, qorxu ilə, inamsızlıq və yaxud belə deyək də, sistemsiz davranışlarla müşaiət oluna bilər. Ona görə də bu sahədə abituriyentlərin maariflənməsinə, eyni zamanda, valideynlərin maariflənməsinə ehdiyac var. Ona görə bu xidməti yaratmışıq” – deyən DİM nümayəndəsi psixoloji maarifləndirmə sahəsində bir çox məqalə dərc etdiklərini də bildirib:
“Sistemli fəaliyyət göstərən bloqumuz var. Orada təlim xarakterli videomateriallar qoyuruq. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrində çıxış edirik, bu mövzularda insanları maarifləndirməyə çalışırıq. Bundan əlavə bu il keçirilən imtahan kampanyasinda da bilavasitə telefon vasitəsi ilə psixoloji xidmət həyata keçirməyə başlamışıq. Bizim sosial media resuslarımız var. O sosial media resusları altında bizə suallar verilir, müraciətlər olunur, insanlar öz fikirlərini bildirirlər. Psixologiyada məzmun analizi deyilən bir metod var və bu şərhlərin məzmun analizinə baxanda görürük ki, orda bir çox abituriyentlərin ciddi psixoloji maarifləndirilməsinə ehdiyac var. Onlar vəziyyəti düzgün qiymətləndirə bilmirlər, nəzarətdən kənarda qalırlar. Bilirsiniz, insanın problemləri həmişə ekstrimal vəziyyətdə, fövqəladə vəziyyətlərdə özünü göstəməyə başlayır. Hər şey normal olanda hamı bir-biri ilə normal ünsiyyət qurur. İmtahan da elə bir şeydir ki, insanların beynində belə bir təsəvvür yaranır ki, burada onların taleyi həll olunur. Əksinə qalsa onların taleyi orada həll olunmur. Onlar taleyini hazırlaşma prosesində, təhsil prosesində özləri həll edirlər. Sadəcə onun nəticəsini burda görürlər. Amma onlar elə bilirlər ki, taleləri burda həll olunur. Bir sevdiyim nümunə var. Kanadalı psixoloq Conder Petersen deyir ki, insanlar qiymətləndirilməyi sevmirlər. Çünki insanlar qiymətləndiriləndə özlərin zəif hiss edirlər. Yəni kimsə sizi kənardan qiymətləndirir və sizin haqqınızda hökm verir, qərar verir. Bu vəziyyətdə insanlar özlərini zəif hiss edirlər. Və ona görə də onların davranışları bir az dəyişməyə başlyır. Mən sizə indi yaxşı bir söz desəm, desəm ki, siz yaxşı insansınız, dəyərli insansınız, dəyərli fikirləriniz var, böyük ehtimalla siz də qayıdıb mənə hansı yaxşı cəhətlərimi deyəcəksiniz. Amma mən sizi tənqid etsəm, siz də böyük ehtimalla qayıdıb deyəcəksiz ki, “sən bir özünə fikir ver, sən belə edirsən, belə edirsən”. Yəni siz də mənim qüsurlarımı deməyə başlayacaqsınız və yaxud da qüsur hesab etdiyiniz şeyləri. Burada da belədir. Biz görürük ki, bəzən imtahanda yüksək bal toplayan insanlar çox məmnun olurlar, başa düşürlər ki, əməyinin nəticəsində alıblar, imtahanı təşkil edənlər onların layiqli qiymətini veriblər. Amma elə adamlar da var ki, imtahandan aldığı qiymətdən onları sevmirlər, onların xoşuna gəlmir. Bu da cəmiyyətə qarşı aqresiya yarada bilər, imtahanları keçirənə qarşı aqresiya yarada bilər, öz valideyinlərinə qarşı yarada bilər. Və onlar bu şəkildə adekvat davranmırlar. Bu səbəbdən də psixoloji maariflənməyə istənilən halda ehdiyac var. Ona görə də bu xidməti təşkil eləmişik”.