Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 18:00:00
“Pullu təhsil yerlərinin sayı azaldılmalıdır, çünki...”

Araz Əlizadə: “Diplomlu işsizliklər təbəqəsinin yaranmasının heç bir mənası yoxdur”

Azərbaycanda son 5 ildə tələbə adını qazanan 7 min şəxsin sırf maddi problem səbəbi ilə bu addan imtina etdiyi bildirilir. Məlum statistikadan yol alan bəzi vətəndaşlar  hesab edir ki, bu rəqəmin özü ali təhsil almaq üçün gərəkli maliyyə tapa bilməyən gənclərə dövlət tərəfindən müxtəlif kreditlər və ya digər şəkildə yardımların göstərilməsini aktuallaşdırır.

AzEdu.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə məsələyə fərqli konteksdən yanaşdığını vurğuladı:

“Öncə onu qeyd edim ki, tələbə krediti var. Həmin şəxslərin bu imkandan faydalanması mümkündür. Lakin bir məsələ var. Baxın, pullu təhsilə kimlər düşür? Bura kifayət qədər bal toplaya bilməyən şəxslər düşür. Əgər bir şəxs 11 il məktəbdə yaxşı oxumayıbsa, onun pulla ali təhsil almasının nə xeyri var? Baxın görün nə qədər pulla oxuyan ali təhsilli insanlar var, hansı ki, onlar özlərinə iş tapa bilmirlər. Çünki onların bunun üçün nə savadları, nə də bacaraqları yoxdur. Məndən olsaydı, ümumiyyətlə pullu təhsili azaldardım. Yaxşı mütəxəssislərə nə qədər tələb varsa, bu tələbat qədər ali məktəblərə qəbul həyata keçirərdim. Çünki ali təhsilli, diplomlu işsizliklər təbəqəsinin yaranmasının heç bir mənası yoxdur. Bunun əvəzində yüksək peşəkar hazırlayan texniki peşə məktəblərinin yaradılması daha faydalıdır. Texnikum səviyyəsində olan bu məktəblərdə gənclərin gözəl peşə təhsili alması daha məqsədəuyğun olar. Hansı ki, müəssisələrin bu cür peşəkarlara ehtiyacı var. Belə olarsa, bu peşələri bilənləri Hindistandan, Nepaldan, yaxud digər ölkələrdən gətirmərik SSRİ boyda dövlətin neft akademiyası olan Azərbaycana indi başqa ölkələrdən neftçi gətirirlər. Öz vətəndaşlarımız isə işsiz qalır. Bir şeyi də nəzərə alın ki, xaricdən gələn mühəndislərə, işçilərə bizimkilərlə müqayisədə qat-qat yüksək əmək haqqı verilir. Gəlin bir qədər də Azərbaycana, Azərbaycan əhalisinə, Azərbaycan vətəndaşına işləyək”.