
“Direktorların işə qəbulu üzrə müsabiqə nəticələrinin mərhələli şəkildə elan ediləcəyi nəzərdə tutulub”.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.
Bildirilib ki, namizədlər nəticələrini şəxsi səhifələrindən öyrənə bilərlər.
Müsahibədən keçənlər Təhsil Nazirliyinə dəvət olunaraq, onlarla əmək müqaviləsi bağlanacaq. Ümumilikdə təqvim ilinin sonuna qədər müsabiqə ilə bağlı bütün işlərin görülməsi planlaşdırılır.
Qeyd edək ki, avqustun 28-də dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin rayonlar üzrə növbəti müsahibə mərhələsinə başlanılıb. Bu mərhələdə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur.
Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.