
İsmayıllıda ənənəvi təhsil bayramı keçirilib. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə ali məktəblərə yeni qəbul olunan tələbələr, valideynlər, pedaqoji kollektivlər, ictimaiyyət nümayəndələri, gənclər, əvvəlki illərdə yüksək bal toplayan tələbələr, qonaqlar, Belarusun Nesvij şəhərinin nümayəndə heyəti iştirak edib.
AzEdu.az xəbər verir ki, şəhərin mərkəzi meydanından başlanan bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Təhsil Şöbəsinin müdiri Rasim Orucov təhsildə qazanılan uğurlardan, ilin nəticələrindən danışıblar. Vurğulanıb ki, İsmayıllı rayonunda 46 tam, 23 ümumi orta və 10 ibtidai məktəb fəaliyyət göstərir. 2019-cu ildə tam orta məktəbləri 765 nəfər bitirib. Onların 546 nəfəri qəbul imtahanları üçün sənəd verib. Keçən illərin məzunlarından isə 75 nəfər imtahanlarda iştirak edib. Dörd yüz nəfər imtahanlardan uğurla çıxaraq tələbə adını qazanıb, 16 nəfər 600-dən çox, 65 nəfər isə 500-600 arası bal toplayıb.
Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışan natiqlər son illər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, hazırda dövlətin dəstəyi ilə Basqal qəsəbəsində 432 yerlik, Gəraybəyli kəndində 320 yerlik, eləcə də Uştalqışlaq və Girk kəndlərində modul tipli məktəblər tikilir. Bu təhsil ocaqları yeni tədris ilində istifadəyə veriləcək.
Sonra bayram şənliyi şadlıq sarayında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tələbə adını qazanan gəncləri, onların valideynlərini, müəllimlərini təbrik edib, kamil mütəxəssis kimi yetişməkdə məzunlara uğurlar arzulayıb.
Bayram şənliyində 81 nəfər yüksək bal toplayan gəncə rayon icra hakimiyyətinin hədiyyəsi verilib. Universitetlərə qəbulda məzunları daha çox fərqlənən məktəblərin direktorları, sinif rəhbərləri və aparıcı fənn müəllimləri də mükafatlandırılıblar. Şəhər 7 saylı məktəbin məzunu Ayla Yusifli (661 bal) və Sevinc Babazadə (651 bal), şəhər 1 saylı məktəbin məzunu Nərmin Nemətli (652 bal) rayon üzrə ən yüksək bal topladıqlarına görə xüsusi mükafata layiq görülüblər.
Tədbirdə muğam müsabiqəsinin qalibi Kamilə Nəbiyeva, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad İsrafilov, “Tərəqqi” medallı Sahibə Abdullayeva və başqalarının oxuduqları mahnılar, bir-birindən gözəl rəqslər bayram təntənəsini daha da rövnəqləndirib.
Təhsil bayramı Heydər Əliyev parkında möhtəşəm konsertlə yekunlaşıb.