
“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində müvafiq rayonlarında peşə təhsili müəssisələrinin I kurs tələbələri üçün təşkil olunan yay təcrübəsi başa çatıb.
AzEdu.az xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti Fərrux Nəcəfov AZƏRTAC-a bildirib ki, yay təcrübəsi duala bənzər peşə təhsili və təlimi sisteminə uyğun olaraq tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaq məqsədilə təşkil olunub.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarının tələbələri “Gilan Dairy Farms” MMC-də, “Gilan Qəbələ Aqrotexservis” MMC-də, “Şamlı” Aqroservis Müəssisəsində, “Gilan Vegetables” MMC-də, “Daşca” kiçik fermer təsərrüfatında, İsmayıllı Peşə Tədris Mərkəzinin aqroservis mütəxəssisi, üzüm və şərab ustası ixtisasının tələbələri İsmayıllı rayon Nikitin adına İvanovka kolxozunda və Kənd Təsərrüfatı İdarəsinin Talıstan kəndindəki sahələrində, həmçinin İsmayıllı Şərab-2 müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarının tələbələri isə “ULU Aqro” MMC-də təcrübə keçiblər.
Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiətilə iş prosesində yaxından iştirak ediblər, istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrəniblər, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışaraq onların təcrübələrindən faydalanıblar.
Xatırladaq ki, yay təcrübəsi ED VET layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan proqrama əsasən həyata keçirilib.
ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.