Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-03 10:32:00
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə sentyabrın 6-da keçiriləcək sınaq imtahanı saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat sentyabrın 6-da saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin bunu nəzərə alması xahiş olunur.