Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-03 10:47:00
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji kəşfiyyat işlərinə başlanılıb

Dövlət Turizm Agentliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası arasında Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi tədqiqat işləri və kəşfiyyat qazıntılarının aparılması, Lahıc qəsəbəsində qədim kürəbəndin, yəni şəhər mədəniyyətinin göstəricisi olan kanalizasiya şəbəkəsinin daha dərindən öyrənilməsi işlərinə başlanılması barədə razılıq əldə olunub.

Arxeologiya və Etnoqrafiya İnstitutundan AzEdu.az-a bildirilib ki, ilkin arxeoloji kəşfiyyat işləri burada aparılacaq geniş arxeoloji tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsini, tapılan maddi-mədəni irs nümunələrinin tədqiqini, turizm sahəsinin inkişafını və bu qədim Azərbaycan şəhərinin mədəni irsinin təbliğini nəzərdə tutur.

Ekspedisiyanın rəisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Akif Quliyevin rəhbərliyi ilə başlanan birinci kəşfiyyat qazıntısı Lahıcın yuxarı hissəsində yerləşən Ağolu məhəlləsində, Ağolu məscidinin (hazırda Lahıc Tarix və Diyarşünaslıq Muzeyi) yaxınlığında aparılıb. Qazıntı sahəsinin üst qatında son orta əsrlər dövrünə aid az sayda saxsı fraqmentlərə rast gəlinib, mədəni təbəqənin dərinliyinin 0,40-0,45 metr təşkil etdiyi üzə çıxarılıb. İkinci kəşfiyyat qazıntısı Bazar küçəsinin girişində - inşası planlaşdırılan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasının ərazisində aparılıb. Aşkar edilib ki, vaxtilə bu ərazidə yaşayış və yardımçı binalar olub, amma təsərrüfat işləri nəticəsində sonradan bu ərazidə mədəni təbəqə qarışıb. Qazıntı sahəsinin üst qatında orta əsrlərə aid şirli və şirsiz saxsı fraqmentlərinə və dəmirdən hazırlanan əşyalara rast gəlinib.

Qeyd olunduğu kimi, təsərrüfat işləri nəticəsində ərazinin üst qatı cənub-şərq hissədə dağılsa da, mədəni təbəqə şimal-qərb hissədə qismən toxunulmaz vəziyyətdə qalıb. Kəşfiyyat qazıntı yerinin qərb hissəsində, kəsiyə paralel, uzunluğu 2,2 metr olan qaya daşlarından hörülmüş tikili aşkar edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri, arxeoloq Fuad Hüseynov və memar Məhəmməd Nurməmmədovun da yaxından iştirakı ilə tədqiqatlar zamanı qazıntı sahəsinin mərkəzində 0,5 metr dərinlikdən qədim kanalizasiya xətti, yəni qədim kürəbənd şəbəkəsinin izləri aşkarlanıb. Bu xəttin eni 0,2 metr təşkil edir. Kiçik ölçülü bu xətt cənub istiqamətində uzanaraq, əsas kürəbənd xəttinə birləşir. Kürəbənd xətti hər tərəfi eyni ölçüdə olan yastı qaya daşlarından hazırlanıb. Xəttin üzəri çirkab suyun və pis qoxunun yer səthinə çıxmasının qarşısının alınması üçün döşəmə daşları ilə kip örtülüb.

Xatırladaq ki, 2013-ci il iyul ayında Ərəgid ərazisinin Sahil məhəlləsində ev tikintisi zamanı 7 daş qutu qəbir aşkar edilib. O vaxt əraziyə ezam edilən arxeoloq Akif Quliyevin apardığı araşdırmalar nəticəsində bu qəbirlərin ilk orta əsrlər (IV-VII əsrlər) dövrünə aid olduğu aydınlaşıb. Digər maraqlı tapıntılar Lahıc orta məktəbinin ərazisində aparılan tikinti işləri zamanı aşkara çıxarılıb. Buradan Son Antik dövrə aid qəbirlər tapılıb. Təqribən 0,5 hektar ərazini əhatə edən nekropoldan 1,5-2,5 metr dərinlikdən dəmirdən hazırlanan nizə və ox ucluqları, qılınc və xəncər qalıqları, əmək alətləri, muncuqlar aşkar edilib.

Növbəti kəşfiyyat işlərinin Ərəgid məzarlığı, Köhnə Dülüz məhəlləsi, orta məktəbin yaxınlığında aparılması nəzərdə tutulur.