
Avropanın ən qabaqcıl ali təhsil müəssisələrindən olan Vyana Texnologiyalar Universitetinin “Mühəndisliyin İdarə edilməsi” (“Engineering Managment”) magistratura proqramı cari ilin noyabr ayından etibarən Bakıda fəaliyyət göstərəcək.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, proqramı başa vuran məzunlar Vyana Texnologiyalar Universitetinin beynəlxalq səviyyədə akkreditə olunmuş və tanınmış “Master of Science” diplomuna sahib olacaqlar.
Dərslər orta hesabla ayda bir dəfə həftəsonunda keçirilən (cümə günündən çərşənbə axşamınadək) cəmi 13 moduldan ibarətdir. Beləliklə 11 modul Bakıda, 2 birləşmiş modul isə Vyana şəhərində tədris olunacaq. Vyana və Bakıda keçirilən dərslər yalnız ingilis dilində olmaqla Avropanın ən nüfuzlu, həm akademik, həm də sənaye sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən birbaşa tədris ediləcək.
Avropa və Amerikada xeyli rəqabət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olublar. Müasir dövrdə sənayedəki ehtiyaca uyğun olaraq peşəkar pedaqoqlar və şirkətlər tərəfindən hazırlanmış kontente malik olan “Engineering Management” magistr proqramına qatılanlar bir çox üstünlüklərdən yararlana biləcəklər.
Tələbələr təhsil aldıqları dövrdə Vyana Texnologiyalar Universitetinin tələbəsi olur və həmin universitetin bütün imkanlarından (tədris müddətində Avstriyada yaşamaq hüququ, universitet kampusundan, kitabxanasından faydalanmaq, universitetin məzunlar klubunun üzvü olmaq, iş axtarma icazəsini əldə etmək, iş axtarma prosesində Universitetdən köməklik almaq və s.) yaralana bilərlər.
Texniki sahənin peşəkarları, habelə mühəndislər, hüquqşünaslar, iqtisadçılar proqrama qatılmaqla marketinq, biznesin təşkili və idarə edilməsi, logistika, müasir mühəndisliyin əsasları kimi sahələrdə tamamlayıcı təhsilə sahib olurlar.
Məzunlar həm kiçik və orta biznes sektorunda, həm də nəhəng şirkətlərdə şöbələrin idarəçiliyi üzrə ixtisaslaşma imkanını əldə edirlər.
Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşları üçün təqaüd tətbiq olunacaq və təhsil haqqı 11 500 avro səviyyəsində hesablanacaq. Təhsil müddəti 3 semestrdir və 2019-cu ilin noyabr ayından 2021-ci ilin may ayınadək davam edəcək. Hər hansı bir sahədə bakalavr dərəcəsi olan, yaxud uzunmüddətli texniki və ya idari peşəkarlığa sahib olan, ingilis dilini bilən və iş təcrübəsi olan hər kəs proqrama müraciət edə bilər.
Bunun üçün cari ilin 10 oktyabr tarixinədək doldurulmuş anket engineering [email protected] email ünvanına göndərilməlidir. Qəbul üçün tələb olunan sənədlər https://engineering.tuwien.ac.at/bakutrack/ saytında qeyd olunub. İlkin yoxlanışdan sonra seçilmiş namizədlər onlayn qaydada müsahibəyə dəvət olunacaqlar. Qəbul prosesi müraciət tarixindən etibarən 3 həftə ərzində yekunlaşacaq. Proqram keyfiyyətinə nəzarət məqsədilə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıb və gec müraciət edən tələbələr sonrakı proqram üçün nəzərdə tutulacaqdır.