_186.jpg)
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik toplantısı (IAEA 2019) davam edir.
AzEdu.az xəbər verir ki, sentyabrın 24-də konfransın əsas məruzəçilərindən biri - Kembric Universitetinin İngilis dili üzrə biliyin qiymətləndirilməsi kafedrasının tədqiqat və beynəlxalq inkişaf bölməsinin rəhbəri Hanan Xalifanın “Qiymətləndirmə islahat təşəbbüsü kimi – təcrübə mübadiləsi” mövzusunda çıxışı gözlənilir.
Konfransda “Siyasətin formalaşdırılması”, “Ali təhsil”, “Qiymətləndirmə strategiyaları”, “Müəllim inkişafı”, “Psixoloji qiymətləndirmə”, “Dil biliklərinin yoxlanması”, “Müəllim hazırlığı və qiymətləndirmə”, “Yazı işlərinin qiymətləndirilməsi”, “Validlik”, “Qiymətləndirmə metodları”, “Müqayisəli tədqiqatlar”, “Diaqnostik qiymətləndirmə” mövzularında sessiyaların keçirilməsi nəzərdə tutulur. Sessiyalarda qiymətləndirmə sahəsində xarici və yerli ekspertlərin məruzələri dinlənilir, təcrübə mübadiləsi aparılır.
Xatırladaq ki, konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.