Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 10:02:00
Əyani təhsil alan tələbələr barədə məlumatlar məşğul şəxslərin reyestrinə daxil ediləcək

Azərbaycanda xüsusi ali və orta ixtisas təhsil müəssisələri istisna olmaqla, dövlət və özəl ali təhsil müəssisələri, eyni zamanda orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar yeni yaradılacaq məşğul şəxslər barədə reyestrə daxil ediləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Nazirlikdə qeyd ediblər ki, Nazirlər Kabineti 19 sentyabr 2019-cu il tarixli qərarı ilə “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nı təsdiq edib. Qaydaya əsasən, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında reyestrə daxil ediləcək: “Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələri, eyni zamanda orta ixtisas təhsili müəssisələri həm də ödənişli əsaslarla fəaliyyət göstərir. Belə olan halda bütün ali təhsil müəssisələri, eyni zamanda orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar reyestrə daxil ediləcək. Qayda yalnız xüsusi ali və orta ixtisas təhsil müəssisələrini əhatə etmir”.